Pxenyan yeni texnologiyaların ölkənin müdafiə potensialını artırdığını bildirir...
Koreya Xalq Demokratik Respublikası (KXDR) öz ərazisində “əhəmiyyətli silahın” növbəti sınaqlarını həyata keçirib.
Poliqon xəbər verir ki,bu barədə ölkənin Mərkəzi Teleqraf Agentliyi Raketqayırma Baş İdarəsinə istinadla məlumat yayıb. Bildirilib ki, sınaqlar çərçivəsində hipersəs silahlarının buraxılışı uğurla həyata keçirilib.
Agentliyin məlumatına görə, iki hipersəs uçuş aparatı paytaxt Pxenyanın Ryokpho rayonundan ölkənin şimal-şərq istiqamətinə doğru buraxılıb. Raketlər Şimali Hamgyon vilayətinin Oran bölgəsində yerləşən Kvəsan zirvəsinin yaxınlığındakı düzənlikdə hədəfi dəqiq vurub.
Sınaqlara Mərkəzi Komitənin katibi Pak Çon Çxon da şəxsən nəzarət edib. Onun sözlərinə görə, yeni hipersəs silahı KXDR-in müdafiə-texniki imkanlarının “davamlı şəkildə yeniləndiyini və gücləndiyini” göstərir. O, milli müdafiə elmi-tədqiqat qrupunun fəaliyyətini yüksək qiymətləndirib və bu uğurun “strateji əhəmiyyət” daşıdığını vurğulayıb.
Qeyd edək ki, bir gün öncə Cənubi Koreya Şimali Koreyada ballistik raket sınağı keçirildiyini açıqlamışdı. Seulun məlumatına görə, ən azı bir raket Yapon dənizi istiqamətində buraxılıb, lakin onun tipi, uçuş hündürlüyü və məsafəsi barədə dəqiq məlumat əldə olunmayıb.
Poliqon.info