AZ

İlahiyyatçı: “Qiymətlərin artması həcc ziyarətinə getmək istəyən bir çox insanın qarşısında əngələ çevrilir”

“Həcc ziyarəti ilə bağlı qiymətlərin artması həccə getmək istəyən bir çox insanın qarşısında əngələ çevrilir. İslam dininə görə, insanın ömründə bir dəfə həccə getməsi vacib - fərz sayılır. Amma bu şərt maliyyəyə bağlıdır. Maddi imkanı yaxşı, sağlamlığı yerində olan müsəlman üçün ömründə bir dəfə Allahın evini ziyarət etmək Allahın insanlar üzərində haqqıdır. Bu ifadə "Qurani-Kərim"in "Ali-İmran" surəsinin 96-cı ayəsində də vurğulanır. Rəbbimiz ayədə göstərir ki, insanlar fürsət və yol tapıb Allahın evinə ziyarətə gəlsinlər. Qiymətlərin yüksək olması isə bu gedişə əngəl ola bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli deyib.

 

O bildirib ki, həcc ziyarətində tarixi dövrlərdən bəri həmişə məşəqqət, çətinlik olub: “Müasir dövrdə daha rahat həcc etmək olur. Əsrlər əvvəl isə insanlar böyük səfərə hazırlaşırdılar, 6-7 ay evlərindən çıxırdılar. Çox çətin olurdu. İndi isə rahat resurslardan istifadə olunur. Ola bilsin, qiymətin artması təhlükəsizlik və bir çox səbəblərdən asılı ola bilər. Bununla bağlı aidiyyəti qurumlar cavabı bilirlər. Biz isə işin mənəvi, ruhani tərəfini bu cür izah edə bilərik...”

 

Qeyd: Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətinin 6100 ABŞ dollar, yəni 10 370 manat müəyyən olunması barədə açıqlama yayıb. Bu isə 2025-ci ilin həcc qiymətləri ilə müqayisədə 150 ABŞ dolları, yəni 255 manat bahalaşma deməkdir. 2025-ci ildə bir nəfər üçün həcc qiyməti 5950 ABŞ dolları olub.

 

Aytəkin Qardaşova

Tarix: 23 Oktyabr 2025, 08:44   
Seçilən
115
pravda.az

1Mənbələr