Azərbaycanın demoqrafik quruluşu getdikcə dəyişir. Əvvəllər əhalinin çoxunu gənclər təşkil edirdisə, indi tədricən yaşlıların sayı artır. BMT-nin “Dünya Əhalisinin Perspektivləri” hesabatı və Maliyyə Nazirliyinin proqnozlarına görə, 2024-cü ildə 0,6 faiz olan illik əhali artımı 2050-ci ilədək xeyli azalacaq. Ən çox artım 65 yaşdan yuxarı qrupda gözlənilir, 15-64 yaş aralığındakı, yəni əmək qabiliyyətli yaşda olan insanların sayı isə 2030-cu illərin sonlarından azalmağa başlayacaq.
Bəs doğum səviyyəsinin azalması və əhalinin sürətlə qocalması Azərbaycanın gələcəyinə necə təsir edəcək? Bu proseslər ölkədə pensiya yaşının artırılmasına də səbəb ola bilərmi?
Mövzu ilə bağlı Publika.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, əslində demoqrafik ləngimə və təbii artımda azalma qlobal prosesdir:
“Bu, bir çox ölkələrdə müşahidə olunur. Əlbəttə, bu, Azərbaycan üçün heç vaxt xarakterik olmayıb. Həm sovet dövrünə qədər, həm də sovet dövründə Azərbaycan xalqı təbii artımın inkişaf dinamikasında özünü göstərib.
Hətta sovet dövründə müharibədəki itkilərin yerini doldurmaq üçün hökumətin demoqrafik təşviq siyasəti müsbət təsir göstərdi. Belə ki, o vaxt “uşaq pulu” adlanan sosial müavinət verilirdi, eyni zamanda “Qəhrəman ana” statusu müəyyənləşdirilmişdi, çoxuşaqlı ailələr üçün müəyyən imtiyazlar var idi. Bütün bunlar demoqrafik təşviq siyasətinin tərkib hissəsi kimi çoxuşaqlı ailələrin artmasına təsir edirdi.