Kamran Əsədov: “Bu, “nəzarətin təzyiqə çevrilməsi” tendensiyasıdır”
Məktəblərin bəzilərində baş verən xoşagəlməz məsələlər daim müzakirə olunur. Məlumata görə, Bakıda bəzi məktəblərdə direktor yoxdur, olmayan direktorları müavinlər əvəz edir. Bir sıra məktəblərdə isə heç müavin də yoxdur.
Məlumata görə, bəzi məktəblərdə müəllim çatışmazlığı var, xüsusən məktəblərin rus bölmələrində fənn müəllimləri, demək olar ki, ya yoxdur, ya da sayları azdır. Məsələn, Binə qəsəbəsində yerləşən 149 nömrəli orta ümumtəhsil məktəbinin rus bölməsində fizika, coğrafiya və tarix müəllimi yoxdur, şagirdlərə bu fənlər keçilmir. Məktəb rəhbərliyi valideynlərə deyir ki, bu mənim həll edəcəyim problem deyil, nazirliyə müraciət edin. Elm və Təhsil Nazirliyindən bizə bildirildi ki, ümumiyyətlə, rus bölmələri üçün fənn müəllimləri çatışmır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də bildirilir ki, həmin məktəb üçün vakansiya elan olunub, uzaqda yerləşdiyi üçün müəllimlər gedib orda işləmək istəmir. Çarə qalıb Allaha.
Daha bir problem isə dərslik məsələsidir. Məlumata görə, orta məktəblərin xeyli hissəsinə dərsliklər hələ tam verilməyib.
Ən pisi odur ki, ölkənin regional təhsil idarələri arasında əlaqə itib, hər birində işə qəbul fərqli qaydalarda aparılır. Bu idarələr hamısı Azərbaycanda fəaliyyət göstərmir ki, hər kəs öz bildiyini edir?
Məlumatlara görə, bir də görürsən ki, Təhsildə Keyfiyyət Agentliyinin əməkdaşları qəfil məktəblərə gedirlər və sinifləri, müəllimlərin kabinetlərini bağlayıb onları çölə çıxarırlar ki, biz sənədləri yoxlayacağıq və sair.
Danışılır ki, bütün bu neqativ hallar nazirlikdə müavinlərin, müşavirlərin, agentlik rəhbərlərinin arasında sağlam olmayan münasibətlərin və intriqaların nəticəsidir. Bir də görürsən ki, müavinlərin, ya agentlik rəhbərlərinin biri israr edir ki, filan məktəbin direktoru vəzifədən getməlidir, vəssalam. Bu nə yanaşmadı? Nə anarxiyadı? Onlar nə etmək istəyir, məqsəd nədir?
“Daxili intriqalar, idarəetmədə şəxsi münasibətlər və qrup maraqları təhsil sisteminə ən böyük zərbəni vurur”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində “İlk növbədə qeyd edim ki, son aylarda təhsil sistemində müşahidə olunan idarəetmə boşluqları, regionlararası əlaqənin zəifləməsi, məktəblərdə kadr çatışmazlığı və inzibati xaos artıq tək-tək faktlar yox, sistemli bir böhran əlamətidir. Bu vəziyyət yalnız ayrı-ayrı məktəblərin problemi deyil, bütövlükdə təhsil idarəetmə mexanizminin struktur böhranına işarədir.
Hazırda bir çox məktəbdə direktor və ya direktor müavini yoxdur, bəzən məktəbin idarəetməsi müvəqqəti olaraq müəllimlərdən birinə həvalə edilir. Elm və Təhsil Nazirliyinin 2024-cü ilin sonunda təqdim etdiyi hesabatda göstərilirdi ki, ölkə üzrə 440 məktəbdə direktor vəzifəsi vakantdır. Bu o deməkdir ki, hər on məktəbdən birində rəhbərlik yoxdur. Bu, təhsil prosesinin idarə olunmasına, qərarların operativliyinə və keyfiyyətə birbaşa zərbədir”-deyə bildirdi. K.Əsədovun qeyd etdiyinə görə, “Ümumtəhsil haqqında Qanun”un 12.2-ci maddəsində açıq şəkildə göstərilir ki, “məktəbin rəhbəri təhsil prosesinə, müəllim heyətinin fəaliyyətinə və şagirdlərin inkişafına cavabdeh şəxsdir”. “Lakin rəhbər yoxdursa, məsuliyyət daşıyan orqan da yoxdur.
Eyni zamanda, rus bölmələri üzrə fənn müəllimlərinin çatışmazlığı kəskin hal alıb. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, 2024-cü il MİQ müsabiqəsində rus bölməsi üzrə iştirak edən namizədlərin sayı ümumi iştirakçıların cəmi 4,6 faizini təşkil edib. Ən çox çatışmazlıq riyaziyyat, fizika, kimya və ibtidai sinif müəllimlərindədir. Nəticədə bəzi məktəblərdə dərslər birləşdirilmiş siniflərdə aparılır, yaxud fənn müəllimləri eyni anda bir neçə məktəbdə dərs deməyə məcbur qalır. Bu, nə pedaqoji, nə də psixoloji baxımdan davamlı sistemdir.
Dərsliklərlə bağlı da vəziyyət eyni dərəcədə narahatedicidir. Yeni tədris ilinin başlanmasından həftələr keçsə də, bəzi siniflərdə dərsliklər tam paylanmayıb. Bunun səbəbi tender proseslərinin gecikməsi və logistika zəncirindəki idarəetmə boşluqları ilə əlaqələndirilir. Halbuki, “Dərslik siyasəti haqqında qaydalar”a görə, dərs ilinin başlanmasına ən azı iki həftə qalmış bütün ümumtəhsil müəssisələrinə dərsliklər çatdırılmalıdır. Bu tələbin pozulması nəticəsində dərs prosesinin ilk mərhələsində ciddi tədris gecikmələri yaranır.
Regional təhsil idarələrinin əlaqəsinin itməsi isə vəziyyəti daha da ağırlaşdırır. Son illərdə “vahid idarəetmə modeli” adı ilə rayon təhsil şöbələrinin birləşdirilməsi nəzərdə tutulurdu, lakin bu proses real koordinasiyanı deyil, mərkəzdən uzaqlaşmanı doğurdu. Hər regional idarə öz qaydasını, öz “qaydalar sistemini” tətbiq edir. Bəzi regionlarda müəllimlərin işə qəbulu üçün əlavə müsahibə mərhələsi keçirilir, digərlərində isə yalnız sənəd yoxlaması ilə kifayətlənilir. Nəticədə “bunun hamısı Azərbaycanda deyilmi” sualı haqlı şəkildə ortaya çıxır. Qanunvericilik baxımından bu yanaşma “bərabər hüquqlu vətəndaş prinsipi”nə və “Dövlət qulluğu haqqında” Qanunun 3-cü maddəsinə ziddir”.
K.Əsədovun fikrincə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) məktəblərdə apardığı yoxlamaların məqsədi əslində keyfiyyəti artırmaq olsa da, bu prosesin forması və etik çərçivəsi çox zaman yanlış təsir yaradır: “Müəllim otaqlarının bağlanması, dərs prosesinə qəfil müdaxilələr, müəllim və şagirdlərin qarşısında sərt inzibati davranışlar nə nəzarətdir, nə də keyfiyyətin artırılması. Bu, “nəzarətin təzyiqə çevrilməsi” tendensiyasıdır. Halbuki, “Keyfiyyətin təminatı haqqında” qanun layihəsinin əsas prinsipi məktəblərlə əməkdaşlıq üzərində qurulmalıdır - yoxlama deyil, inkişaf yönümlü müşahidə olmalıdır.
Daxili intriqalar, idarəetmədə şəxsi münasibətlər və qrup maraqları təhsil sisteminə ən böyük zərbəni vurur. Əgər nazirlikdə müavinlər, müşavirlər və agentlik rəhbərləri arasında sağlam əməkdaşlıq yoxdursa, bu zəncirin son halqası olan məktəb düz işləyə bilməz. Təhsil idarəçiliyi şəxsi ambisiyaların yox, milli marağın xidmətində olmalıdır. Bir məktəb direktorunun taleyi şəxsi münasibətlə yox, nəticə və meyarla ölçülməlidir”.
K.Əsədovun sözlərinə görə, Elm və Təhsil Nazirliyi bu situasiyanı korreksiya etmək üçün sistemli nəzarət mexanizmləri qurmalıdır. Ekspert bildirdi ki, region idarəetmələri üçün vahid elektron idarəetmə platforması yaradılmalı, direktor təyinatları şəffaf və meyar əsaslı olmalı, TKTA-nın yoxlamaları tənqid deyil, inkişaf yönümlü konsultativ formaya salınmalıdır. “Nazirliyin son aylarda elan etdiyi “Rəqəmsal təhsil idarəçiliyi” layihəsi bu baxımdan müsbət addımdır. Əgər bu sistem vahid mərkəzdən idarə olunarsa, həm təyinatlarda ədalət, həm də təhsil prosesində sabitlik bərpa edilə bilər.
Hazırkı vəziyyətin mənfi cəhəti ondan ibarətdir ki, məktəblərdə idarəetmə sabitliyi pozulub, müəllimlər öz iş mühitində etimad və rahatlıq hiss etmir. Amma müsbət tərəf odur ki, bu problemlər artıq gizlədilmir, ictimai müzakirəyə çıxarılır. Nazirlik bu tənqidlərə qapalı deyil və bu da dəyişiklik üçün fürsətdir. Əgər Elm və Təhsil Nazirliyi intriqaları deyil, institusional idarəetməni, şəxsi münasibətləri deyil, funksional əməkdaşlığı əsas götürərsə, bu böhran da həllə çevriləcək, çünki problem aydın görünür, deməli, həll istiqaməti də aydındır. Təhsildə anarxiya yox, sistem və şəffaflıq olmalıdır. Bu, dövlətin borcu, cəmiyyətin isə tələbi və ümididir”-deyə K.Əsədov qeyd etdi.
İradə SARIYEVA