AZ

İdmançı və qadınların olduğu 20 nəfərlik dəstə üzvlərindən xəbər var

Qanunsuz narkotik dövriyyəsi, qaçaqmalçılıq və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham edilən 20 nəfərdən 17-si barəsindəki qərardan kassasiya şikayəti verilib.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılır.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 nəfərdən yalnız 3 nəfərə həbslə bağlı olmayan cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. 17 nəfərə isə 9 ilə kimi azadlıqdan məhrum etmə cəzası təyin edilib.


Qeyd: Təqsirləndirilən şəxslər 2021-ci ildə xüsusi əməliyyatla həbs ediliblər. İri həcmli iş üzrə məhkəmə araşdırması da uzun müddət davam edib.


İttihama görə, ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına Fərqanə Nağıyeva rəhbərlik edib. Onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər - Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcli, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev və Toğrul Əbdüləzimov ölkə ərazisində müxtəlif şəxslərə aid narkotik vasitələrin satışı zamanı istifadə edilən 2 minə yaxın kart hesabı açıblar.


Onu da bildirək ki, təqsirləndirilən Orxan Səfərov məhkəmədə deyib ki, 2008-ci ildən idmanla məşğul olub. Həmin il dünya çempionu olub, sonradan "Dinamo" idman mərkəzində məşğələlərdə iştirak edib.

Kamal Məmmədov 

Tarix: 23 Oktyabr 2025, 09:08   
Seçilən
47
pravda.az

1Mənbələr