Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Zaur Qənbərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə , 01 avqust 2023-cü il tarixdə, saat 10 radələrində Gəncə-Şəmkir şosesinin 1-ci kilometrliyində, Dostluq mebel salonunun bərabərliyində qeydə alınıb.
Belə ki, Zaur Qənbərov idarə etdiyi “Hyundai İX35” markalı avtomobillə hərəkətdə olarkən həmin yolla hərəkət edən zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) idarə etdiyi “Chevrolet Cruze” markalı maşınıa onu ötüb keçdiyi üçün bu halı özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürətini artıraraq zərərçəkmiş şəxsin maşınını ötüb önünə keçib, sonra qəfil şəkildə əyləci basmaqla onun qarşısını kəsib. Bu zaman D.D. idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili dayandıra bilməyərək onun maşınına çırpılıb, nəticədə 30 manat məbləğində maddi ziyan dəyib.
Hadisənin davamında Zaur avtomobildən düşərək ucadan nalayiq ifadələr işlədib. Buna etiraz edən və avtomobildə sərnişin qismində olan zərərçəkmiş F.F. (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisə zamanı o, F.F.-ə əl və ayaq zərbələri endirərək fiziki ağrı yetirib, daha sonra yerə düşüb dəmir parçası ilə onun hər iki qoluna zərbələr endirərək yüngül bədən xəsarətləri yetirib.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Zaur Qənbərovun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: “Sarkazm.az” saytının redaktoru olmuş Zaur Qəmbərov daha əvvəl də xuliqanlıq ittihamı ilə həbs edilmişdi.
Kamal Məmmədov