"Azərbaycanla Qazaxıstan arasında münasibətlər bu gün beynəlxalq siyasi və regional təhlükəsizlik çağırışlarına uyğun şəkildə formalaşır. Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin bariz göstəricisidir. Bu səfər, eyni zamanda, Bakı ilə Astana arasında əlaqələrin təkcə iqtisadi deyil, həm də siyasi və humanitar sahələrdə dərinləşdiyini nümayiş etdirir".
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri ilə çoxşaxəli siyasi-iqtisadi əməkdaşlıq xəttini ardıcıl şəkildə inkişaf etdirir".
"Rəsmi Bakının bu istiqamətdəki siyasəti uzunmüddətli strateji konsepsiyaya əsaslanır və regionlararası əlaqələrin sistemli şəkildə qurulmasına xidmət edir.
Artıq Cənubi Qafqaz və Mərkəzi Asiya vahid Xəzər regionu kimi qəbul edilir. Bu yeni regional modelin formalaşmasında Azərbaycanın rolu xüsusilə önəmlidir. Bakı Xəzər hövzəsi ölkələri arasında körpü funksiyasını yerinə yetirərək inteqrasiya proseslərinin təşəbbüskarı kimi çıxış edir.
Məhz Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bu iki regionu birləşdirən əsas strateji layihədir. Bu dəhliz vasitəsilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri Avrasiya məkanında mühüm logistik və iqtisadi əlaqə xətti yaradırlar.
Yeni dünya siyasi nizamında Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının birgə inkişafı Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində reallaşır. Bu platforma regional həmrəyliyin, ortaq təhlükəsizlik və iqtisadi maraqların təminində mühüm mexanizm rolunu oynayır.
Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın lokomotiv dövlətləri kimi çıxış edir. Onların Azərbaycan və Türkiyə ilə əlaqələrinin eyni strateji model üzərində formalaşması regionda yeni siyasi və iqtisadi arxitekturanın yaranmasına səbəb olur. Bu, həm də türk dünyasının siyasi inteqrasiyasının möhkəmlənməsi deməkdir".
Vasif ƏLİHÜSEYN