2025-ci il oktyabrın 1-də Bakı-Tbilisidə imzalanmış Koalisiya Əməkdaşlıq Protokoluna əsasən, “Azərbaycan Evi” (Gürcüstan) “Qərbi Azərbaycanlıların Vətən həsrəti: Gəncəyə deportasiya” layihəsi çərçivəsində müəyyən edilmiş əməkdaşlıq öhdəliklərinə sadiqliyini təsdiqləyib.
QHT.az xəbər verir ki, layihənin əsas məqsədləri — Qərbi azərbaycanlıların deportasiyasının elmi, tarixi və hüquqi aspektlərini öyrənmək, bu istiqamətdə beynəlxalq dialoqu və ictimai maarifləndirməni gücləndirmək kimi mühüm istiqamətləri əhatə edir.
“Azərbaycan Evi”nin direktoru Elbrus Məmmədov bildirib ki, “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi ilə birgə həyata keçirilən əməkdaşlıq yüksək qiymətləndirilir:
“Əməkdaşlığımıza verdiyiniz dəyərli töhfəyə görə minnətdarlığımızı bildirir və birgə səylərimizin layihənin uğurla həyata keçirilməsini təmin edəcəyinə əmin olduğumuzu bir daha təsdiq edirik.”
Qeyd edək ki, layihə Qərbi azərbaycanlıların tarixi yaddaşının qorunması, onların deportasiya mərhələlərinin tədqiqi və bu mövzuda ictimai şüurun artırılmasını hədəfləyir.