AZ

Politico: Makron Avropa İttifaqında təsirini itirir...

Fransa lideri daxili problemlərə köklənib və artıq Avropanın ideya rəhbəri kimi çıxış etmir...

Poliqon xəbər verir ki, Politico nəşri Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqında əvvəlki siyasi çəkisini və liderlik nüfuzunu itirdiyini yazıb. Məqalədə qeyd olunur ki, Makron hazırda əsas diqqətini Fransa daxilindəki sosial və iqtisadi gərginliyə yönəldib və bu səbəbdən “artıq Avropanın ideya mühərriki” kimi çıxış etmir.

Nəşrin məlumatına görə, bu gün Aİ liderləri ekstremal sağ qüvvələrin yüksəlişi və ABŞ prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Merts arasında Ukrayna ilə bağlı mümkün “zərərli razılaşmanın” qarşısını almaq üçün fövqəladə iclas keçirirlər. Lakin Avropa paytaxtları artıq Makronun ideyalarına güvənə bilmədiklərini etiraf edirlər.

“Bu Makron artıq əvvəlki Makron deyil. O, indi tamamilə daxili problemlərlə məşğuldur. Artıq o, əvvəllər tanıdığımız ‘Avropa çempionu’ deyil”, deyə bir Avropa diplomatı Politico-ya bildirib

Makronun dəyişən mövqeyi və daxili təzyiqlər

Nəşr yazır ki, Fransa prezidenti əvvəllər Aİ-nin genişlənməsinin tərəfdarı kimi çıxış edərək, yeni üzvlərin qəbulunu Avropanın iqtisadi və geosiyasi çəkisini artıracaq addım kimi təqdim edirdi. Lakin indi Makron öz siyasətində daha ehtiyatlı davranır, çünki daxildəki müxalif qüvvələr, xüsusilə də fermer hərəkatı, Ukraynanın Aİ-yə üzvlüyünə qarşı sərt reaksiya göstərə bilər.

Prezident bu səbəbdən Avropa Şurasının rəhbəri Antoniu Koştanın Macarıstanın baş naziri Viktor Orbanın veto hüququnun ləğvi ideyasına qarşı çıxıb. Politico yazır ki, Makronun məqsədi Aİ-nin qərar mexanizmini deyil, Fransada siyasi sabitliyi qorumaqdır.

“Əgər Ukrayna Aİ-yə daxil olsa, etirazlara ilk çıxanlar fransız fermerləri olacaq. Makron bu reaksiyanı yaxşı bilir,” – nəşr qeyd edir.

Avropa artıq Makronun ideyalarına arxalanmır

Məqalədə bildirilir ki, Brüsseldə və digər Avropa paytaxtlarında diplomatlar artıq Makron haqqında keçmiş zamanda danışır, onun “Avropa ideya lideri kimi irsindən” bəhs edirlər. Halbuki Makronun prezidentlik müddəti 2027-ci ilə qədər davam etməlidir.

Ekspertlər hesab edir ki, Fransa liderinin Avropa səhnəsində geri çəkilməsi onun daxildəki sosial narazılıqlar, pensiya islahatları və fermer etirazları ilə üz-üzə qalması ilə bağlıdır. Bu isə Makronun Avropa İttifaqının gələcək strategiyasında mərkəzi fiqur olmaq imkanlarını zəiflədir.

Politico-nun qənaətinə görə, “Makron bir vaxtlar Avropaya vizyon təqdim edən lider idisə, indi o, sadəcə öz evində yaranan problemlərlə mübarizə aparan siyasətçidir”.

Poliqon.info

Seçilən
76
poliqon.info

1Mənbələr