Adil Qeybulla: “Yeni qaydaya əsasən, 2026-cı ildən heç bir yerdə işləməyənlər İcbari Tibbi Sığortadan ödənişli istifadə edəcək”
2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Sənəddə maraqlı məqamlardan biri də İcbari Tibbi Sığorta fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalmasıdır.
Qeyd edək ki, 2026-cı ildə büdcədən sözügedən istiqamətə 900 milyon manatın ayrılması nəzərdə tutulub ki, bu da 2025-ci təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36,5 faiz azdır. Bu il üçün dövlət büdcəsində İcbari Tibbi Sığorta fonduna ayrılan vəsaitin məbləği 1 milyard 416 milyon 405 min manat olub.
Onu da bildirək ki, qanuna görə, 2026-ci ildə bu sahədə daha bir yenilik heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərlə bağlı olacaq. Belə ki, növbəti dəfə qanuna dəyişiklik edilməyəcəyi təqdirdə, gələn ildən onlar üçün İcbari Tibbi Sığortanın xidmətlərinin ödənişli olması nəzərdə tutulub. Söhbət ondan gedir ki, 2024-cü ildən bu şəxslər üçün İcbari Tibbi Sığortanın xidmətlərinin ödənişli olması planlaşdırılsa da, sonradan bu müddət ertələnib. Həmin şəxslərin İcbari Tibbi Sığorta haqları dövlət vəsaiti hesabına ödənilir.
Beləliklə, 2026-cı ildən heç bir yerdə işləməyənlər İcbari Tibbi Sığortadan ödənişli qaydada istifadə edəcək, minimum əmək haqqının 48 faizi qədər illik ödəniş edəcəklər - 192 manat.
Maraqlıdır, bu yenilik insanlara nə kimi təsir edəcək?
“İcbari Tibbi Sığorta az gəlirli əhali hissəsinə - işləməyən şəxslərə, tələbələrə, pensionerlərə hesablanmalı idi, ancaq…”
Tibbi ekspert, professor Adil Qeybulla “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı müəyyən problemlər yaşanmaqda davam edir: “İcbari Tibbi Sığorta ilk növbədə az gəlirli əhali hissəsinə - işləməyən şəxslərə, tələbələrə, pensionerlərə hesablanmalı idi. Yavaş-yavaş isə əhalinin digər kateqoriyaları da daxil edilə bilərdi. Amma təəssüflər olsun ki, Azərbaycanda bunlar hesablanmadı. İşsizlər, az gəlirli əhali - tələbələr, təkuşaqlı analar və s. Bunların hər biri ayrı-ayrılıqda sığortalanmalıdır. Təəssüflər olsun ki, bunlar həyata keçirilmədi və nəticədə İcbari Tibbi Sığorta dalana dirəndi. Bu gün ölkənin iqtisadiyyatını nəzərə almaq lazımdır. Biz də işimizi buna uyğun qurmalıyıq. Yeni qaydaya əsasən, 2026-cı ildən heç bir yerdə işləməyənlər İcbari Tibbi Sığortadan ödənişli istifadə edəcək. Yəni bu kateqoriyadan olan şəxslər minimum əmək haqqının 48 faizi qədər illik ödəniş edəcəklər - 192 manat. Bu isə düzgün deyil. O qədər işsiz, qeydiyyata düşə bilməyən insanlar var. Onların sağlamlığını düşünmək lazım idi. Məlumdur ki, imkanı olan bu xidmətdən yararlanmır, daha çox aztəminatlı ailələr tibbi sığortaya müraciət edir. İcbari Tibbi Sığortanın Azərbaycanda tətbiqi prosesi əslində hazırlıqsız baş verib”.
Günel CƏLİLOVA
 
                        