Orta məktəblərdə dərs yükünün azaldılması son zamanlar təhsil sistemində ən çox müzakirə olunan mövzulardandır. Valideyn və müəllimlərin bir qismi bu addımı “tənbəlliyə yol açmaq” kimi dəyərləndirsə də, mütəxəssislər bunun əksini düşünür.
QHT.az xəbər verir ki, təhsil eksperti Əmrah Həsənli bildirib ki, dərs yükünün azaldılması pedaqoji və psixoloji baxımdan vacib addımdır:
“Şagirdləri bu qədər yükləmək nə pedaqoji baxımdan səmərə verir, nə də onların motivasiyasını qoruyur. Məktəblərdə nəzəri biliklər çox, praktik fəaliyyət isə azdır. Dərs yükünün azaldılması isə öyrənməni daha maraqlı və yaradıcı edə bilər. Əsas məsələ azaldılan yükün yerinə praktik və tətbiq yönümlü öyrənmə metodlarını gətirməkdir. Bu, uşaqlarda düşünmə və analiz bacarığını inkişaf etdirər.”
Ekspert əlavə edib ki, az dərs yükü həm şagirdlərin psixoloji rahatlığını təmin edər, həm də müəllimlərin yaradıcılığını artırar.
Pərvanə Fərhadqızı