Qazax, 23 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazax rayonunun Daş Salahlı kəndində 44 günlük Vətən müharibəsi şəhidi leytenant Mayis Yaqubovun məzarı və yaşadığı evdə ailəsi ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Daş Salahlı kəndindəki Şəhidlər xiyabanında qəhrəman şəhidimizin məzarı üzərinə tər qərənfillər düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Məktəblilər Vətən yolunda canlarından keçən bütün şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Şəhid Mayis Yaqubov “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. İgid Vətən oğlunun doğulduğu kənddə xatirəsi əbədiləşdirilərək adına bulaq-abidə kompleksi inşa olunub. Qazax şəhərində küçələrdən birinə şəhid Mayis Yaqubovun adı verilib.
Həmçinin Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş kitab və rəsm sərgisi keçirilib. Bundan başqa, Vətən müharibəsi şəhidi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Adil Əfəndiyev Qədir oğlunun xatirəsinə həsr edilmiş “O, bizim Adildi” kitabının təqdimat mərasimi olub.
Qəhrəman şəhidimizin vaxtilə təhsil aldığı Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və təbiət fənlər təmayüllü məktəb-liseydə təşkil olunan rəsm və kitab sərgisinə baxış keçirilib.
Məktəbin akt zalında davam edən tədbirdə qeyd olunub ki, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. 2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşına şanlı Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gün başladıq, 44 gün davam edən Vətən müharibəsində Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandıq. Vətən müharibəsində Adil və onun kimi qəhrəman şəhidlərimiz canlarını torpaq uğrunda fəda etməklə bu torpağı göz bəbəyi kimi qorumağın hər birimiz üçün ən ümdə vəzifə olduğunu nümayiş etdirərək gələcək nəsillərə örnək oldular.
Tədbirdə şəhid Adil Əfəndiyevin xatirəsinə həsr edilmiş “O, bizim Adildi” kitabının müəllifi Xuraman Əzimovaya Qazax Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı təqdim edilib.
Qeyd edək ki, şəhərin küçələrindən birinə şəhid Adil Əfəndiyevin adı verilib. Qəhrəman şəhidimizin adını əbədiəşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub. Qazax şəhərində yaşadığı evin önündə barelyefi vurulub.