Avropa İttifaqı (Aİ) yazılı prosedurla Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib.
NOCOMMENT.az “Suspilne” nəşrinə istinadən xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Lars Lukke Rasmussen bildirib.
Hazırda Aİ Şurasında sədrlik edən XİN başçısının sözlərinə görə, “bu, Avropa və Ukrayna üçün yaxşı gündür”. O qeyd edib ki, paket Rusiyanın neft-qaz və maliyyə sektorlarına, eləcə də onun “kölgə donanmasına” təsir edəcək yeni kompleks tədbirlər tətbiq edir.
Rasmussen özəlliklə Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) idxalına qadağa qoyulmasını Aİ-nin Rusiya enerji mənbələrindən tamamilə imtina etmək yolunda “vacib addım” kimi qeyd edib. Nazir sanksiyaların real təsir göstərdiyini və Rusiya iqtisadiyyatına ziyan vurduğunu vurğulayıb.
“Rusiya üçün Ukraynaya qarşı qeyri-qanuni işğalçılıq müharibəsini maliyyələşdirmək getdikcə çətinləşir”, – deyə Danimarka XİN başçısı diqqətə çatdırıb.
Bundan əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas oktyabrın 20-də Aİ Xarici Əlaqələr Şurasının Lüksemburqda keçirilən iclasından sonra bəyan edib ki, qurumun Rusiyaya qarşı 19-cu sanksiya paketi təsdiqləndikdən sonra 20-ci paket üzərində iş başlayacaq və bu, sonuncu olmayacaq.
Xatirə SADİQ
 
                        