AZ

NATO baş katibi: “Atəşkəs Ukraynada sülh prosesinə doğru ilk addım olmalıdır”

NATO-nun baş katibi Mark Rutte Ukraynadakı münaqişənin sülh yolu ilə həlli istiqamətində atılacaq addımlardan danışıb.

Editor.az xəbər verir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibinin fikrincə, atəşkəs münaqişənin sülh yolu ilə həllinə doğru ilk addım olmalıdır.

Rutte bildirib ki, ABŞ prezidenti Donald Tramp da hərbi əməliyyatların tamamilə dayandırılması ideyasını dəstəkləyir.

Bloomberg agentliyinin məlumatına görə, Avropa nümayəndələri yaxın günlərdə Vaşinqtona səfər edərək Ukrayna ilə bağlı 12 bəndlik sülh planı üzrə razılıq əldə etməyi planlaşdırırlar.

Mənbənin bildirdiyinə əsasən, sənədin icrasına ABŞ prezidenti Donald Trampın sədrliyi ilə yaradılan Beynəlxalq Sülh Şurası nəzarət edəcək.

Sülh planında atəşkəsin elan olunması, tərəflərin quru hücumlarını dayandırmaq öhdəliyi, deportasiya edilmiş uşaqların Ukraynaya qaytarılması, məhbus mübadiləsinin həyata keçirilməsi, Ukrayna üçün təhlükəsizlik zəmanətləri, eləcə də yenidənqurma və Aİ-yə üzvlük prosesinin sürətləndirilməsi kimi bəndlər yer alıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
23
editor.az

1Mənbələr