AZ

Qardaş Qazaxıstanla əlaqələr özünün pik səviyyəsinə yüksəlib

Oktyabrın 20-21-də Qazaxıstanda dövlət səfərində olan Prezident İlham Əliyevin həmkarı Kasım-Jomart Tokayevlə keçirdiyi görüşlər və apardığı müzakirələr iki ölkə arasında həqiqi dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi yadda qaldı.

Səfərin iki ölkə arasında Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20-ci ildönümünə təsadüf etməsi isə rəmzi məna daşımaqla siyasi münasibətlərin yüksəksəviyyəli keyfiyyətini əks etdirdi. Ən mühüm məqam isə Prezident İlham Əliyevin birbaşa Kasım-Jomart Tokayev tərəfindən Astana Hava limanında böyük qonaqpərvərlik və yüksək ehtiramla qarşılanması və yola salınması idi. Bu siyasi jest və diplomatik davranış Azərbaycana və onun Liderinə olan dərin hörmətin və xüsusi etimadın göstəricisidir.

Oktyabrın 21-də Astanada Prezident İlham Əliyevin qazaxıstanlı həmkarı ilə təkbətək görüşü zamanı da bu münasibətin şahidi olduq. Qazaxıstan Prezidentinin Prezident İlham Əliyevə “Sizi Qazaxıstan Respublikasında rəsmi dövlət səfərində qəbul etmək mənim üçün böyük şərəf və məmnunluqdur. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir” ifadəsi dövlətimizin başçısına verilən yüksək dəyərin təzahürü sayılır.

Qazaxıstan Prezidentinin Azərbaycanı İlham Əliyevin liderliyi sayəsində öz mövqelərini xeyli möhkəmləndirməsini və beynəlxalq arenada nüfuzunu artırmasını bildirməsi, habelə ölkəmizin regional güc kimi çox mühüm rol oynamasına önəm verməsi bir daha rəsmi Astananın əsl qardaş və müttəfiq olmasının təsdiqidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Qazaxıstan Azərbaycan üçün yaxın və etibarlı tərəfdaş, mühüm ölkədir, ictimai-siyasi sabitliyin təmin olunduğu, iqtisadiyyatının gücləndiyi bu Mərkəzi Asiya ölkəsi ilə əməkdaşlıq xarici siyasi kursumuzda strateji prioritetlərdən biridir.

Ötən il təsis edilmiş Ali Dövlətlərarası Şuranın iclası iki dövlət arasında münasibətlərin çoxtərəfli istiqamətlərini müəyyən etmək və yeni çağırışlar fonunda zəruri hədəf prinsiplərinə nail olmaqda mühüm siyasi platformadır.

Oktyabrın 21-də Şuranın ikinci iclasında çıxış edən Kasım-Jomart Tokayevin bəyan etdiyi kimi, Şura qarşılıqlı etimada və dəstəyə əsaslanan Qazaxıstan-Azərbaycan münasibətlərinin xüsusi statusunu təsdiqləyir, tərəflər fəal siyasi dialoq qurmaqla, iqtisadi-ticari və mədəni-humanitar qarşılıqlı fəaliyyətin davamlı inkişafı üçün möhkəm müqavilə-hüquq bazasını yaradıb.

Ali Şura ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə razılaşdırılmış qərarların işlənib hazırlanması üçün səmərəli platforma kimi çıxış edir. Tərəflər ikitərəfli əməkdaşlıq və beynəlxalq münasibətlər üzrə ortaq hərəkət edir, milli maraqlarımız bütün məsələlərdə üst-üstə düşür.

Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda vahid mövqedən çıxış edirlər. Ölkəmizi beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə dəstəkləyən və həmrəyliyə səs verən rəsmi Astana keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına da daim dəstək verib.

Münaqişə başa çatdıqdan sonra bölgəyə ayaq açan ilk dövlətlərdən biri kimi Qazaxıstan Qarabağ bölgəsinin bərpasına ilk töhfələrini verib və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi dostluq ocağı kimi münasibətlərin hərarətini göstərir, yeni layihələrə çığır açır. Yeri gəlmişkən, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə imzalanan Birgə Bəyannaməni alqışlayan Qazaxıstan tərəfi bölgədə Azərbaycanın liderliyi ilə yeni rifah və geniş əməkdaşlıq mühitinin formalaşmasına, yeni üfüqlərin açılacağına əmindir.

Ali Dövlətlərarası Şuranın iclasında çıxış edən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan və Qazaxıstan uğurlu inkişaf modelinə malik dövlətlər kimi müasir realıqlar şəraitində yeni islahatlar kursu aparmaqla hərtərəfli dinamik inkişafları təmin etməkdədir. Azərbaycan ilə Ermənistan arasında sülh dövrünün başladığını vurğulayan dövlətimizin başçısı bu yeni mərhələdə bütün tərəflərin fayda qazanacağına əminliyini ifadə edib. Regional inkişafın nümunəvi simvoluna çevrilən Zəngəzur dəhlizinin inteqrasiya olunduğu qlobal nəqliyyat habı - Orta Dəhliz bu baxımdan Qazaxıstan üçün də xüsusi önəm daşıyır. Tərəflərin Şuranın iclası çərçivəsində apardığı diskussiyaların əsas istiqamətlərindən biri kimi Orta və Zəngəzur dəhlizlərinin perspektivlərinə yer ayırmaları, “Orta Dəhlizin inkişafı” birgə layihənin təqdimatına qatılması bir daha iki qardaş dövlətin qlobal nəqliyyat alyansında qətiyyətini və iradəsini əks etdirir.

Regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji əhəmiyyət daşıyan Orta Dəhliz-Zəngəzur quruculuğuna töhfələrini, dəhlizin rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində yeni təşəbbüslər üzərində çalışqanlığını təsdiqləyir.

Seçilən
41
1
aznews.az

2Mənbələr