AZ

İlqar Hüseynli: “Xankəndi Forumunun həm sosial, həm siyasi əhəmiyyəti böyükdür”

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında Xankəndi Əməkdaşlıq Forumunun əhəmiyyətini yüksək qiymətləndirib.

QHT sədri bildirib ki, Suverenliyimizin beşinci və Konstitusiyamızın 30-cu ili münasibətilə Azərbaycan qeyri-hökumət təşkilatlarının Şuşada mübadilə proqramlarına və Xankəndidə forumlara cəlb olunması onların inkişaf səviyyəsinin göstəricisidir:

"Azərbaycan qeyri-hökumət təşkilatları artıq o inkişaf səviyyəsinə çatmışdır ki, doğma, işğaldan azad olunmuş Qarabağ torpaqlarında mötəbər tədbirlərə ev sahibliyi edə bilir. Bu, həm Azərbaycan cəmiyyətinə bir mesaj idi, həm də Azərbaycan ictimai həyatına təsiri olan vətəndaş cəmiyyəti sisteminə göstərilən etimadın təzahürü idi ki, biz belə bir forumu Xankəndində keçirdik. Eyni zamanda, beynəlxalq ictimaiyyət də bu barədə məlumat alır və sözsüz ki, bu, Ermənistan ictimaiyyətinə çox uğurlu bir mesaj idi. Mən bu forumun, qeyri-hökumət təşkilatlarının Xankəndində keçirilən bu toplantısının yalnız fiziki deyil, həm də sosial və siyasi baxımdan çox böyük və ciddi əhəmiyyətə malik olduğunu düşünürəm."

İlqar Hüseynli həmçinin beynəlxalq əməkdaşlıq məsələlərinə toxunaraq, Özbəkistan və Qazaxıstan vətəndaş cəmiyyəti institutları ilə qurulmuş əməkdaşlıq proqramlarının davam etdiriləcəyini vurğulayıb və forumun növbətisinin də Xankəndidə keçirilməsini tövsiyə edib:

"Sözsüz ki, forumun təşkilati işləri ən incə detallarına qədər nəzərə alınmışdı. Demək olar ki, bütün detallar, mesajlar və panel müzakirələri yüksək səviyyədə hazırlanmışdı. İstər ekspertlərin çıxışları, istər təqdimatlar, istərsə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin çıxışları və mesajları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində çox önəmli idi. Vaxtında və hədəfə yönəlmiş bir mesaj var idi. Mən düşünürəm ki, Azərbaycanda istər bu mübadilə proqramı, istərsə də Xankəndi forumu, hər biri qeyri-hökumət təşkilatlarının imkanlarının artırılması, bacarıqlarının qiymətləndirilməsi və yüksəldilməsi istiqamətində çox ciddi addımlardır. Bu proses davamlı olmalıdır və gələcək forumlarda daha məqsədyönlü mesajların dünya ictimaiyyətinə çatdırılması vacibdir. Bu gündən etibarən beynəlxalq ictimaiyyətlə əlaqələrimizin gücləndirilməsi artıq bir tendensiya halını alıb.

Bilirsiniz ki, Özbəkistan qeyri-hökumət təşkilatları ilə davamlı əməkdaşlıqdan sonra eyni proses Qazaxıstanda da baş verdi. Agentliyin rəhbərliyi Qazaxıstanda müxtəlif sənədlər imzaladı və qarşılıqlı əməkdaşlığa dair razılaşmalar əldə olundu. Mənim bildiyimə görə, Qazaxıstan vətəndaş cəmiyyəti institutları ilə də davamlı əməkdaşlıq proqramları həyata keçiriləcək və yeni forumlar təşkil olunacaq. Onların növbətisinin də məhz Xankəndində keçirilməsini tövsiyə edərdim.

Mən düşünürəm ki, bu, Azərbaycanın ictimai-siyasi həyatı üçün çox önəmli və beynəlxalq aləmdə nüfuzumuzu artıran bir addımdır."

Seçilən
93
1
qht.az

2Mənbələr