Bakıda Baltik ölkələri – Finlandiya, Latviya və Estoniyanın aparıcı şirkətləri ilə Azərbaycan şirkətləri arasında B2B görüşlər keçirilib.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatına görə, görüş “LEF Network Azerbaijan” layihəsinin 6-cı ticarət missiyası çərçivəsində baş tutub.
Konfederasiyanın baş katibi Ziya Hacılının sözlərinə görə, Azərbaycan, Estoniya, Latviya və Finlandiyanın işgüzar dairələri uzunmüddətli və institusional əməkdaşlığı nəzərdə tutan praktiki yol xəritəsi imzalayıblar. Bu tədbir ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsində yeni mərhələnin başlanğıcıdır.
“Baltik və Şimal ölkələri innovativ iqtisadiyyatları, dayanıqlı sənaye modelləri və qabaqcıl rəqəmsal həlləri ilə tanınır. Azərbaycan isə Cənubi Qafqazın iqtisadi mərkəzidir – energetika, nəqliyyat, logistika və müasir kənd təsərrüfatı sahələrində liderdir, əməkdaşlıq üçün yeni imkanlar təklif edir”, – o qeyd edib.
Baş katibin sözlərinə görə, yaşıl enerji və bərpaolunan texnologiyalar, təcrübə və bilik mübadiləsi, rəqəmsal iqtisadiyyatın və innovativ ekosistemlərin, o cümlədən startapların inkişafı kimi istiqamətlərdə əməkdaşlıq üçün real potensial mövcuddur. Azərbaycanın artıq mühüm uğurlar əldə etdiyi kənd təsərrüfatı və qida sənayesi də bu baxımdan perspektivlidir.
“Biz sahibkarların bir-birini tanıdığı və etibar etdiyi bir mühit yaradırıq, çünki iqtisadi diplomatiyanın ən səmərəli forması “biznesdən biznesə” qarşılıqlı fəaliyyətidir”, –Ziya Hacılı vurğulayıb.
Tədbirdə Latviya Ticarət Palatasının Avropa İttifaqı layihələri departamentinin direktoru Liqa Siceva çıxış edərək görüşün tərəflər üçün səmərəli olacağı söyləyib. Təqdimatlardan sonra iş adamları arasında B2B görüşlər davam edib.