Moskva, 23 oktyabr, AZƏRTAC
Rusiyanın Çelyabinsk vilayətindəki Kopeysk şəhərində yerləşən zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Teksler məlumat verib. Axtarış-xilasetmə əməliyyatları davam edir. Beş nəfər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti stabil, lakin ağır qiymətləndirilir. Kopeysk şəhərində fövqəladə vəziyyət elan edilib.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, partlayış sənaye müəssisəsində istehsal prosesi zamanı təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verib. Hadisə ilə bağlı təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi tələblərinin pozulması maddəsi ilə cinayət işi açılıb.
Zavodda baş verən yanğın söndürülüb, xilasedicilər konstruksiyaların su ilə soyudulması prosesini həyata keçirirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva