Region və dünyada cərəyan edən proseslər qlobal münasibətlər sisteminin dinamikliyi ilə diqqət çəkir. Şərqdən Qərbə, eləcə də Qərbdən Şərqə doğru müşahidə olunan inteqrasiya axını təhlükəsiz dünyanın mövcudluğu və inkişafının qızıl halqalarla bir-birinə bağlandığını, bir-birindən asılı olduğunu bir daha ortaya qoyur. Belə bir reallıq fonunda Azərbaycanın dünyanın ən nüfuzlu dövlətləri sırasında dayanaraq regionda sülh və təhlükəsizliyin təminatçısı, qarantı kimi çıxış etməsi, eləcə də türk dövlətləri il sıxlaşan əlaqələr böyük güclərin diqqətindən yayınmır.
Prezident İlham Əliyevin son Qazaxıstan səfəri xüsusilə təhlil olunur.

Azər Badamov, Milli Məclisin deputatı:
- Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə bu ölkəyə rəsmi səfər etdi. Qazaxıstan dövlət başçısının hava limanında dövlət başçımızı şəxsən qarşılaması iki ölkə arasındakı münasibətlərin səviyyəsini göstərir. Dövlət başçıları rəsmi səfərə gələn həmkarlarını özləri hava limanlarına gələrək çox az hallarda qəbul edir. Azərbaycan və Qazaxıstan oxşar dil, tarix və mədəniyyətə malik dost və qardaş respublikalardır. Son illər dövlət başçılarımızın qarşılıqlı səfərlərin müntəzəm hal alması ikitərəfli münasibətlərimizdə yeni səhifə açmışdır. Biz BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, TDT və digər beynəlxalq platformalarda əməkdaşlıq edirik. Azərbaycan və Qazaxıstan beynəlxalq platformalarda eyni mövqedən çıxış edir və bir-birini dəstəkləyir. Bu, bizim beynəlxalq arenada sözümüzün gücünü artırır. Azərbaycan türk dünyasının birləşdirici körpüsüdür. Biz türk dünyasının ailəmiz olduğunu açıq şəkildə bəyan etmişik. Bu baxımdan Qazaxıstanla hərtərəfli münasibətlərin genişləndirilməsinə böyük dəyər veririk. Ölkələrimiz arasında imzalanmış 170-dən çox sənəd və Hərtərəfli Strateji Tərəfdaşlığın genişləndirlməsinə dair Bəyannamə var ki, bu da əməkdaşlığımızın genişləndilməsinin hüquqi bazasını yaratmışdır. Son bir ildə ticarət dövriyyəsində baş vermiş kəskin artımlar, bərpaolunan enerji və rəqəmsal dəhlizlərin yaradılması istiqamətində icra olunan layihələr, ölkəmizin üzərindən neft və tranzit daşımalardakı artım dinamikası, qarşılıqlı investisiyaların yatırılmasının artması və nizamnamə fondu 300 milyon dollar olan birgə İnvestisiya Fondunun yaradılması aramızdakı əməkdaşlığın dərinləşdirlməsində yeni səhifə açmışdır. Dövlət başçımızın Qazaxıstana rəsmi səfəri çərçivəsində imzlanan yeni sənədlər, Ali Dövlət Şuranın iclasının keçirilməsi və biznes potensialının reallaşdırılması istiqamətində qəbul olunacaq yeni qərarlar ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaqdır.

Erlan Sairov, Qazaxıstan Parlamentinin deputatı:
- İki dost ölkə liderlərinin - Kasım-Jomart Tokayev və İlham Əliyevin səyləri sayəsində Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir. Bu il qarşılıqlı ticarət dövriyyəsi 547 milyon ABŞ dollarına çatıb ki, bu da 2–3 il əvvəllə müqayisədə 2,5 dəfə çoxdur. Nizamnamə kapitalı 300 milyon ABŞ dolları olan Birgə İnvestisiya Fondu yaradılıb. Astana Azərbaycan Respublikasının Qarabağ bölgəsinin bərpasına dəstək göstərir. Qazaxıstan Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edib. İki ölkə arasında ticarət dövriyyəsi artmaqda davam edir, humanitar əməkdaşlıq da genişlənir. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri dövlətlərimiz arasında sosial-iqtisadi əməkdaşlığın daha da inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Əminik ki, bu səfər sənaye kooperasiyasının inkişafına, birgə infrastruktur layihələrinin reallaşdırılmasına və Avropa ilə Asiyanı Azərbaycan üzərindən birləşdirən nəqliyyat dəhlizinin təşviqinə güclü təkan verəcək. Qazaxıstan ictimaiyyəti bu səfəri səmimiyyətlə qarşılayır. Əminik ki, birgə inkişaf və ortaq gələcək üçün ölkələrimizin böyük potensialı mövcuddur.

Kamaləddin Qafarov, Milli Məclisin deputatı:
- Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari münasibətlər son dövrdə sürətlə inkişaf edir və bu əməkdaşlıq ölkələrimizin gələcək tərəfdaşlığının mühüm təməlini qoyur. Dövlət başçıları - İlham Əliyev və Kasım-Jomart Tokayevin qarşılıqlı səfərləri, davamlı dialoq və strateji işbirliyi nəticəsində iqtisadi əməkdaşlıq yalnız artım tempinə malik deyil, həm də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Qazaxıstana növbəti səfər ərəfəsində “Kazinform”a verdiyi müsahibəsində də qeyd olunur ki, ikitərəfli iqtisadi əlaqələrin güclənməsində hər iki dövlət başçısının ardıcıl təşəbbüsləri böyük rol oynayır. Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanda Qazaxıstan kapitalı ilə fəaliyyət göstərən 250-dən artıq kommersiya strukturu ölkələrimiz arasında iqtisadi etimadın göstəricisidir. Qarşılıqlı ticarət davamlı olaraq artmaqda davam edir və bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi sayəsində mümkün olub. Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq regionun iqtisadi inteqrasiyasını daha da möhkəmləndirir. Orta Dəhliz tranzit marşrutu üzərindən daşımaların həcmi 2024-cü ildə 3,5 milyon tonu keçmişdir, bu isə hər iki ölkənin yükdaşımada üstün mövqeyini güclənməsi deməkdir. 2022-ci ildə imzalanmış “2022–2027-ci illər üçün Yol Xəritəsi” bu prosesin strateji planını ortaya qoymuşdur: infrastrukturun sinxron inkişafı, əməliyyatların optimallaşdırılması, vahid tarif siyasətinin tətbiqi və logistika mərkəzlərinin yaradılması bu layihənin əsas prioritetləridir. Prezident İlham Əliyev öz müsahibəsində belə bir mühüm məqamı da vurğuladı ki, Azərbaycan ilə Qazaxıstan arasında neft-qaz sektorunda da əməkdaşlıq uğurlu nəticələr verir. SOCAR və “KazMunayQaz” arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton neftin tranziti haqqında baş saziş ölkələrimizin enerji sahəsindəki etimadını nümayiş etdirir. Eyni zamanda, yaşıl enerji və bərpaolunan mənbələrin təşviqi istiqamətində imzalanmış sazişlər ikitərəfli gündəlikdə əhəmiyyətli yer tutur. Bu təşəbbüslər yalnız iqtisadi deyil, ekoloji baxımdan da davamlı inkişafın rəmzidir. Eyni zamanda, ölkələrimiz arasında əməkdaşlıq həm də innovasiya və rəqəmsal inteqrasiya sahəsində inkişaf edir. Sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi iki ölkənin informasiya infrastrukturlarını birləşdirəcək və regionda rəqəmsal əlaqələri daha da gücləndirəcək. Beləliklə, iqtisadi-ticari əməkdaşlıq, nəqliyyat-logistika və enerji sahələrindəki strateji yanaşma Azərbaycanın və Qazaxıstanın regiondakı rolunu möhkəmləndirir, qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafını təmin edir. Bu, yalnız bugünkü nailiyyətlərin deyil, gələcəkdə formalaşacaq davamlı tərəfdaşlığın da zəmanətidir.