AZ

Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda nələri müzakirə etdi? - AÇIQLAMA

"Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında münasibətlər sülh gündəliyi çərçivəsində inkişaf edir və müəyyən dərəcədə birgə fəaliyyət təmin olunub. Bu qısa müddət ərzində çoxlu qarşılıqlı addımların şahidi oluruq".

Bunu "Unikal"a açıqlamasında Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirilən görüşünün iştirakçısı olan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

O bildirib ki, dövlətlər və hökumətlər arasında qarşılıqlı fəaliyyətlə bağlı müəyyən qərarlar var: "Bütün bunları nəzərə alaraq vaxt yetişib ki, bu dialoq prosesində vətəndaş cəmiyyəti də öz iştirakını müəyyən etsin. Münaqişədən sonra ilk dəfə idi ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə Ermənistanın paytaxtına eniş etdi. Görüşdə əsasən regiondakı vəziyyət, sülh gündəliyinin inkişafı ilə bağlı mövzular ətrafında müzakirələr oldu. Müzakirə edildi ki, vətəndaş cəmiyyəti, ekspertlər, media sülh quruculuğu prosesinə hansı töhfələri verə bilər. Həmçinin, cəmiyyətləri narahat edən məsələlər, sülh prosesinə süni və obyektiv maneələrin hamısı müzakirə edildi. Biz erməni ekspertləri çoxdan tanıyırıq. Beynəlxalq təşkilatların təşkil etdiyi layihələrdə, tədbirlərdə iştirak edirik. Lakin bu görüş təşkilatçılıq baxımından sırf ikitərəfli formatda həyata keçirildi. İkitərəfli formatda müzakirələr davam etdirildi. Rəsmi qurumlar bu prosesə tam dəstək verirdilər. Ümid var ki, ikitərəfli format davamlı olacaq, belə görüşlərin təşkili normaya çevriləcək. Təsadüfi deyil ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bizimlə görüş keçirdi".

F.Məmmədov qeyd edib ki, sülh sazişi ilə bağlı müzakirələr həyata keçirilib. Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında de-fakto sülh bərqərar olub:

"Onun genişlənməsi və dərinləşməsi vacib məsələ kimi qeyd edilir. Bu istiqamətdə vətəndaş cəmiyyətləri öz töhfəsini verməyə hazır olduqlarını bildirərkən hökumətlər tərəfindən dəstəklənib".

Anar Kəlbiyev

Seçilən
62
50
unikal.az

10Mənbələr