AZ

24 il əvvəl çalışdığı zavoda 2,4 milyonluq səhm yatırdı, indiyədək bir manat da divident götürməyib... - ŞİKAYƏT    

Bakı Şəhər sakini Şərifov Ədalət Mirzəbaba oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi 2001-ci ildə “Bakı Mərkəzielektrotökmə” ASC-yə yatırdığı səhmlərin aqibətinin bəlli olmadığını deyir:

“Mən, Bakı şəhər sakini Ədalət Şərifov, 2001-ci ilin yanvar ayında dövlət tərəfindən bizə verilmiş və həmin dövrdə işlədiyimiz “Bakı Mərkəzielektrotökmə” ASC-yə yatırdığım səhmlər barədə sizə müraciət edirəm. Bu günə qədər səhmlərimizin aqibəti bəlli deyil. İndiyə qədər heç bir dividend almamışıq. Həmin dövrdə ən cavan səhmdarın 45-50 yaşı var idi.

Respublika Auksion Mərkəzinin Baş direktorunun imzası ilə mənə verilən arayışa əsasən, səhmlərimin ümumi dəyəri 2430.000 (iki milyon dörd yüz otuz min) manat təşkil edir. Bir səhmin dəyəri on min manat hesablanıb. Dövlət Əmlak Komitəsinin ilk protokoluna əsasən, müəssisənin 11.5%-i səhmdarlara, qalanı isə dövlətə məxsusdur. 22 ildən sonra, 2022-ci ildə bəlli oldu ki, səhmdarlara cəmi 0,5 % məxsusdur.

2018-2023-cü illər ərzində kollektiv nümayəndələri ilə birgə 7 dəfə Prezident Aparatına, 5 dəfə Nazirlər Kabinetinə, dəfələrlə Əmlak Komitəsinə və digər aidiyyəti dövlət orqanlarına qəbula getmişik, ərizə və şikayətlər vermişik. Müəssisədə baş verən cinayət əməlləri haqda sənədlər təqdim etmişik. Lakin  bizi eşidən olmadı. Heç bir qurumda məsul şəxslər bizi qəbul etmədi. Siravi işçilər qəbul edərək deyirdilər ki, gedin zavod rəhbərliyinə müraciət edin.

Bu illər ərzində bir neçə dəfə 2018-ci ildə səhmdarların iştirakı ilə iclas keçirildi. Ümumilli lider Heydər Əliyev müəssisələrin özəlləşdirilməsi haqqında sərəncam imzalayarkən bilsəydi ki, illər sonra məmurlar millətə belə divan tutacaqlar, bəlkə də o sərəncamı imzalamazdı. Görəsən indiki məmurlar onda çox bilirlər?!

Prezident Aparatının mərkəzdən kənarda bir qəbul idarəsi fəaliyyət göstərir. 3 dəfə ora getmişik, Prezident Aparatının məsul işçiləri qəbula

gəlmədilər. Vətəndaşları qəbul edən cavanlar telefonda oyun oynayaraq bizləri dinləyir və deyirdilər ki, şikayətinizi çatdırarıq. Dözməyərək onlara dedim ki, buranın adını dəyişin və yeni ad “Vətəndaşları aldatma və Prezidentə yalan məlumat vermə idarəsi” adlandırın. Bu daha doğru olar”.

Xahiş edirəm, şikayətimizi ictimailəşdirin. Bəlkə bundan sonra aidiyyəti dövlət orqanları bizə cavab verər”.

Hazırladı: Jalə FAMİLQIZI

 

Seçilən
16
1
hurriyyet.az

2Mənbələr