Hüquq-mühafizə orqanları Dublində sığınacaq axtaranların yerləşdiyi binanın qarşısında keçirilən etiraz aksiyasına müdaxilə edib.
NOCOMMENT.az bu barədə “The Guardian” nəşrinə istinadən xəbər verir.
Ötən gecə İrlandiya polisi ilə saatlarla davam edən qarşıdurmadan sonra 23 nəfər həbs edilib. Etiraz aksiyası 10 yaşlı qıza cinsi təcavüz xəbərindən sonra başlayıb.
Aksiyaların üçüncü gecəsində yüzlərlə etirazçı təxminən 40 polis əməkdaşı ilə toqquşub. Etirazçılar İrlandiya bayraqları asıb, immiqrasiya əleyhinə şüarlar səsləndirib, polislərə daş, məşəl, şüşə butulka və taxta lövhələr atıblar.
İctimai asayiş keşikçiləri qalxanlarla onların üstünə doğru irəliləyərək izdihamı oteldən uzaqlaşdırıblar. Kütlənin əhəmiyyətli hissəsi gecə ərzində dağılışsa da, polis axşam saat 22:00-dan sonra aksiyada qalanlara görə əlavə ictimai asayiş bölmələrini cəlb edib. İki bölmə arasında qalan bir neçə nəfər qaçmağa cəhd edərkən saxlanılıb.
Etirazçılarla toqquşma zamanı yaralanmış iki polis xəstəxanaya aparılıb. Bir zabit başından butulka ilə vurulub, digəri isə çiynindən xəsarət alıb.
Polis komissarı Castin Kelli deyib ki, iğtişaşlar dinc nümayiş deyil, “Citywest binasına ziyan vurmaq və içəridəkiləri qorxutmaq məqsədi daşıyan zorakılıq” olub.
Sentyabrın sonlarında efiopiyalı sığınacaq axtaran Haduş Gerberslasi Kebatu bir yeniyetmə və başqa bir qadına cinsi təcavüz etdiyi üçün həbs cəzasına məhkum edilib. Onun iyul ayında həbsi özünün və digər miqrantların yerləşdiyi London otelinin qarşısında şiddətli etirazların başlamasına gətirib çıxarıb.
Xatirə SADİQ