Yeni elmi araşdırmaya görə, diş əti xəstəlikləri beyində zədələnməyə səbəb ola bilər və bu da insult riskini artırır.
Editor.az xəbər verir ki, Cənubi Karolina Universitetinin alimləri bu nəticəyə “Neurology Open Access” jurnalında dərc olunan tədqiqatda gəliblər.
Mütəxəssislər qeyd edirlər ki, gingiviti (diş əti iltihabı) olan insanlarda beynin ağ maddəsində – yəni beyin bölgələri arasında siqnal ötürülməsinə cavabdeh hissədə – daha çox zədələnmə əlamətləri müşahidə olunub.
Ağ maddə beynin müxtəlif hissələri arasında siqnal ötürülməsini təmin edən sinir liflərindən ibarətdir. Onun zədələnməsi yaddaş, düşünmə və koordinasiya qabiliyyətinə mənfi təsir göstərə, həmçinin insult ehtimalını yüksəldə bilər.
Tədqiqatda yaşı 77 və daha çox olan 1143 nəfər iştirak edib. Onlardan 800 nəfərə diş müayinəsindən sonra diş əti xəstəliyi diaqnozu qoyulub. Bütün iştirakçılar beyindəki kiçik qan damarlarının vəziyyətini öyrənmək üçün MRT müayinəsindən keçiblər.
Araşdırmanın nəticələrinə əsasən, diş əti xəstəliyi olan insanlarda ağ maddə hiperintensivliyinin (beyin toxumasının struktur pozğunluğu əlamətinin) orta həcmi ümumi beyin həcminin 2,83%-ni, sağlamlarda isə 2,52%-ni təşkil edib. Yaş, cins, qan təzyiqi, diabet və siqaret kimi faktorlar nəzərə alındıqdan sonra belə, diş əti xəstəliyi olan insanlarda bu dəyişikliklərin yaranma riski 56% daha yüksək olub.
Bununla belə, alimlər diş əti iltihabı ilə beyin damarlarının digər problemləri – mikroqanaxmalar və lakunar infarktlar arasında birbaşa əlaqə aşkarlamayıblar.
Tədqiqat müəllifi, professor Souvik Sen bildirib:
“Məlumatlarımız göstərir ki, ağız sağlamlığı ilə beyin sağlamlığı arasında ciddi əlaqə mövcuddur. Əgər gələcək araşdırmalar bu nəticəni təsdiqləsə, diş əti iltihabının vaxtında müalicəsi insult və digər beyin damar xəstəliklərinin qarşısını almağın bir yolu ola bilər”.
//Gülnarə Abasova, Editor.az