AZ

Tranzitdən etimada: Sülh müqaviləsinin reallaşması üçün ictimai diplomatiya niyə vacibdir? – ÖZƏL

"Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi əslində sülhün birinci mərhələsinin başa çatdığını göstərir. Yəni artıq sülh planlaması həyata keçirilib və bu istiqamətdə ilkin addımlar atılıb. Bundan sonrakı mərhələdə isə biz imzalanacaq sülh müqaviləsində qeyd ediləcək prinsiplər çərçivəsində ardıcıl addımlar atmalıyıq".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, hazırda tranzit yüklərin daşınması, qarşılıqlı icazələrin verilməsi kimi məsələlər çox müsbət haldır. Bu proses, bir növ, tərəflər arasında inam və etibar mühiti formalaşdırır. Məncə, bundan sonra əsas məsələ bu etimad mühitinin daha da genişləndirilməsidir.

Ekspert əlavə edib ki, bu məqsədlə təkcə iqtisadi və tranzit sahəsində deyil, həm də ictimai-siyasi sektorda qarşılıqlı əlaqələrin qurulması vacibdir. Məsələn, hər iki ölkədən jurnalistlərin, ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri təşkil oluna bilər. Belə humanitar və ictimai təşəbbüslər münasibətlərin normallaşmasına əlavə təkan verə bilər.

"Bununla yanaşı, həm beynəlxalq, həm də regional təşkilatlarda əməkdaşlığın gücləndirilməsi də çox önəmlidir. Ermənistanın Azərbaycana, Azərbaycanın da Ermənistana qarşılıqlı şəkildə dəstək göstərməsi, xüsusilə ümumbəşəri və regional məsələlərdə sülhə daha çox töhfə verə bilər. Bu, tərəflər arasında etimadı möhkəmləndirər və sülh prosesini daha da yaxınlaşdırar", - deyə siyasi şərhçi vurğulayıb.

S. Hümbətov qeyd edib ki, indi Azərbaycanda bu məsələyə münasibət kifayət qədər balanslıdır. Ermənistana və ermənilərə qarşı nifrət və düşmənçilik hissləri artıq ictimai müstəvidə qabarıq şəkildə müşahidə olunmur. Azərbaycan cəmiyyəti sivil düşüncəyə malik, barışıq və sabitlik tərəfdarı olan bir xalqdır. Hər iki Qarabağ müharibəsini yaşamış olsaq da, Azərbaycan insanının düşüncəsi bu gün barışığa, əməkdaşlığa yönəlib.

"Təəssüf ki, Ermənistanda hələ də bu nifrət, kin və revanşist düşüncə tamamilə aradan qalxmayıb. Orada müəyyən ictimai-siyasi qruplar anti-Azərbaycan təbliğatı aparır, düşmənçilik ruhunu canlı saxlamağa çalışır. Buna görə də hesab edirəm ki, Ermənistan hökuməti ictimai diplomatiyanı gücləndirməli, cəmiyyət daxilindəki bu neqativ və dağıdıcı düşüncələri tədricən aradan qaldırmalıdır", - deyə ekspert fikrinə əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, bu, həm sülh danışıqları prosesinə, həm də gələcəkdə imzalanacaq Sülh Müqaviləsinin reallaşmasına ciddi təsir göstərə bilər. Əgər ictimai rəy müsbət istiqamətdə dəyişsə, qarşılıqlı inam artsa, regionda uzunmüddətli sabitlik və əməkdaşlıq mühiti formalaşa bilər.

S. Hümbətovun fikrincə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi təkcə diplomatik deyil, həm də ictimai, iqtisadi və mənəvi müstəvidə davam etməlidir. Çünki sülh yalnız imzalanan sənədlərlə deyil, xalqın düşüncəsində və münasibətində bərqərar olduqda həqiqi mənada möhkəm və davamlı olur.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
50
olaylar.az

10Mənbələr