Şirkət 2033-cü ilə qədər işçi qüvvəsinin 75 faizini avtomatlaşdırmağı planlaşdırır
Onlayn alış-veriş nəhəngi Amazon süni intellekt dəstəklı robot sistemlərinə böyük miqyasda keçid etməyə hazırlaşır.
Sızdırılmış daxili sənədlər şirkətin 500 min əməkdaşını robotlarla əvəz etməyi və əməliyyatlarının 75 faizini avtomatlaşdırmağı hədəflədiyini göstərir.
Sherg.az xəbər verir ki, “The New York Times” qəzetinin əldə etdiyi məlumatlara görə, Amazon ultrasürətli çatdırılma üçün nəzərdə tutulmuş yeni nəsil anbarlarında insan əməyinə minimum ehtiyac olan sistemlər qurur.
Sənədlərdən məlum olur ki, şirkətin robotika bölməsi gələcəkdə əməliyyatların 75 faizini avtomatlaşdırmaq niyyətindədir. Bu plan həyata keçərsə, təxminən 500 min əməkdaş işini itirəcək.
Son iki onillikdə ABŞ-da əmək bazarına Amazon qədər təsir edən başqa şirkət olmayıb. Ölkənin ikinci ən böyük işəgötürəni olan Amazon yüz minlərlə işçi ilə anbar şəbəkəsini genişləndirib, yeni, lakin mübahisəli iş modeli formalaşdırıb və işə qəbul, nəzarət və idarəetmədə texnologiyanın istifadəsində öncül rol oynayıb.
2018-ci ildən bəri şirkətin ABŞ-dakı əməkdaşlarının sayı üç dəfədən çox artaraq 1,2 milyona çatıb. Lakin avtomatlaşdırma komandası hesab edir ki, 2027-ci ilə qədər Amazon ən azı 160 min yeni işçi cəlb etmədən fəaliyyətini davam etdirə biləcək. Bu proses şirkətə hər göndərilən məhsul üçün təxminən 30 sent qənaət imkanı yaradacaq. Amazon rəhbərliyinin proqnozlarına görə, 2033-cü ilə qədər satışlar iki dəfə artacaq. Şirkət bu artımı robot texnologiyalarının gücü ilə, yəni əmək xərclərini minimuma endirərək əldə etməyi planlaşdırır. Beləliklə, Amazon gələcəkdə 600 mindən çox yeni iş yeri açmağa ehtiyac duymayacaq.