BAKI, 23 oktyabr. TELEQRAF
Türkiyə "Qalatasaray"ı ötən gün UEFA Çempionlar Liqasının III turunda Norveçin "Budo/Qlimt" klubuna 3:1 hesabı ilə qalib gəlib.
Teleqraf xəbər verir ki, "Rams Park"da təşkil olunan görüşdə "sarı-qırmızı" azarkeşlər matç başlamazdan əvvəl Fələstinə dəstək nümayiş etdiriblər.
"Cim-Bom" tərəfdarları kiçik parçalardan Fələstin bayrağı, üzərində isə “Stop the genocide!" (Soyqırımı dayandırın!) yazılı banner göstəriblər.
UEFA-nın nizam-intizam qaydalarına əsasən, klublar azarkeşləri siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribat mesajlarına görə cavabdehlik daşıyırlar.
Bu qayda bannerlərə, bayraqlara, şüarlara və ya hər hansı digər aksiyalara aiddir.
UEFA-nın buna görə "Qalatasaray"a qarşı cərimə, tribunanın qismən bağlanması və ya azarkeşsiz oyun cəzası tətbiq edəcəyi gözlənilir.
 
                         
 