AZ

“Volkswagen” çip problemini həll etmək üçün yeni təchizatçı ilə danışıqlara başlayıb

Berlin, 23 oktyabr, AZƏRTAC

“Volkswagen” konserni çip tədarükündə yaranan problemi həll etmək üçün yeni təchizatçı ilə danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, şirkətin nümayəndəsi “Handelsblatt” qəzetinə “Nexperia” yarımkeçiricilərinin çatışmazlığının alternativ təchizatçı tərəfindən kompensasiya edilə biləcəyini vurğulayıb.

“Nexperia” çiplərinin tədarükü ilə bağlı şirkətin qarşılaşdığı böhranın səbəbi Çin və ABŞ arasında mövcud olan gərginlikdir. Şirkətin mərkəzi ofisinin yerləşdiyi Niderlandda hökumət ABŞ-ın təzyiqi ilə “Nexperia”ya nəzarəti ələ keçirib. Pekin isə cavab olaraq çiplərin Çindən ixracını qadağan edib. “Nexperia” Avropada da istehsal olunsa da çiplərin böyük hissəsi Çindən gəlir.

Yaranmış böhranla əlaqədar “Volkswagen” şirkəti Volfsburqdakı zavodunda “Golf” modelinin istehsalını dayandırmağı qərara alıb. Şirkət növbəti mərhələdə “Tiguan”, “Touran” və “Tayron” modellərinin istehsalını da mərhələli şəkildə məhdudlaşdırmağı planlaşdırıb. Lakin yeni istehsalçı ilə aparılan danışıqlardan sonra “Golf” modelinin istehsalını dayandırmaq planının qüvvədə qalıb-qalmadığı məlum deyil.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
13
1
azertag.az

2Mənbələr