AZ

"Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri sülhdə maraqlı olacaqlarsa, o zaman keçirilən görüşlər də faydalı olacaq" - RƏY

“Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüşlər əvvəllər də keçirilib. İstər işğal dövründə, istər 44 günlük Vətən müharibəsindən sonra vətəndaş cəmiyyəti institutları arasında belə təmaslar olub. Düzdür, görüşlər əsasən beynəlxalq təşkilatların vasitəçiliyi ilə kəçirilirdi və daha çox üçüncü ölkələrdə baş tuturdu. 2021-ci ildə - müharibədən sonra da bu səpgili görüşlər olub. Məsələn, “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması” 2016-cı ildə elan olunmuşdu, 2017-ci ildə Gürcüstanda platformanın ilk qurultayı keçirilmişdi. Həm Azərbaycan, həm də Ermənistan tərəfindən təsisçilər, sədrlər iştirak etmişdilər. Şübhəsiz ki, bu cür təmaslar, vətəndaş cəmiyyətinin nümayəndələri arasında keçirilən görüşlər əslində xalq diplomatiyasının bir nümunəsi kimi qiymətləndirilməlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

 

Xaricdən

 

Politoloq bildirib ki, əvvəlki görüş və təmaslarda erməni təmsilçiləri özlərini daha çox qalib hesab edərək Azərbaycan cəmiyyətinin reallıqlarla barışması istiqamətində mövqe sərgiləyirdilərsə, artıq vəziyyət dəyişib:

 

“İndi Ermənistan hakimiyyəti də, bir çox vətəndaş cəmiyyətinin nümayəndələri də artıq əvvəlki ritorika ilə çıxış etmirlər. Onlar davamlı və real sülhün əldə edilmədiyi hər keçən günün Ermənistanın əleyhinə işlədiyinin fərqindədirlər. Odur ki, bu tip görüşlər erməni cəmiyyətində ən azı hansısa təbəqədə Azərbaycanla sülhün Ermənistana verə biləcəyi xeyirləri təqdim etmək baxımından faydalı hesab oluna bilər. Ermənistanın vətəndaş cəmiyyəti institutlarının 8 avqust Vaşinqtonda əldə edilən razılaşdırmalar istiqamətində ictimai rəy hazırlamaq kimi missiyasını üzərinə götürməsi və bu istiqamətdə konkret Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyada dəyişikliyin edilməsinə, Ermənistanın daxilində Zəngəzur dəhlizinin açılması istiqamətində təbliğata böyük ehtiyac var. Bir sözlə, Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri səmimi olaraq sülhdə maraqlı olacaqlarsa, o zaman keçirilən görüşlər də faydalı olacaq. Əks halda, görüşlər sadəcə görüş xatirinə keçirilmiş olacaq. Bu da sülh prosesinə hər hansı töhfə verməyəcək. Ermənistan daxilində revanşist meyillərin daşıyıcılarını, Köçəryan, Sarkisyan başqda olmaqla “Qarabağ klanı”nı, eləcə də kilsəni, erməni diasporunun mövqeyini nəzərə alsaq, təbii ki, fərqli reaksiyalar olacaq. Fərqli reaksiyaların içində bu addımın Ermənistan tərəfindən bloklanmasına qarşı çıxanlar da, bunu Paşinyana qarşı əks təbliğatda istifadə etmək istəyənlər də. Amma bütün proseslər deməyə əsas verir ki, bu revanşist mövqeyin Ermənistan daxilində boğulmasına ehtiyac var. Çünki bu, ilk növbədə Ermənistanın özü üçün lazımdır. İndiki Ermənistan hakimiyyətinin apardığı siyasətin alternativi nədir? Müharibə. Ermənistanda böyük kütlənin müharibə haqqında düşünmədiyini ehtimal etmək istəyirəm. Çünki doğrudan da, bu cür mövqe Ermənistanın özü üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Təbii ki, revanşist mövqe tərəfdarları, Azərbaycanla, Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasını istəməyənlər var. Vətəndaş cəmiyyətlərinin nümayəndələrinin təmasları əslində çoxluğun mövqeyinin möhkəmləndirilməsi və prosesə daha çox insanın töhfə verməsinə hesablanıb. Prinsip etibarilə, biz üzərimizə düşən bütün fəaliyyəti yerinə yetirmişik. Həm götürülən öhdəliklər, həm sülh quruculuğu baxımından, həm də davamlı sülhün əldə edilməsi baxımından atılan son addımlar, Azərbaycan tərəfindən Ermənistana daşınan yüklərlə bağlı maneələrin aradan qaldırılması - bütün bunlar prosesdə bizim nə qədər səmimi olduğumuzu ortaya qoyur. İndi isə top tamamilə Ermənistan tərəfdədir. Ermənistanda xalq, çoxluq, hakimiyyət öz gələcəyini sosial-iqtisadi inkişafa yönəldəcəksə, Ermənistanın gələcəyində bunu əsas götürəcəklərsə, onda hər hansı problem də olmayacaq. Əks mövqe sərgiləyəcəklərsə, itirən də mütləq ilk növbədə Ermənistan özü olacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Oktyabr 2025, 15:11   
Seçilən
64
pravda.az

1Mənbələr