“Ermənistana gedən yolların açılması Azərbaycan, eləcə də region üçün müəyyən pozitiv məqamları əhatə edir”.
Bunu Hafta.az-a siyasi şərhçi Qulamhüseyn Əlibəyli Azərbaycanın Ermənistan məhsullarının daşınması üçün yolları açmasının əhəmiyyətini və riskləri şərh edərkən deyib.
Q.Əlibəyli yolların açılması ilə bağlı bir sıra məqamlara diqqət çəkib:
“Yolların açılması ilə Azərbaycan birinci növbədə “Ermənistanı qəsdən blokadada saxlayır” ittihamını üzərindən götürmüş və bunun gələcəkdə traflanmaması üçün mexanizm yaratmış olur. İkincisi, Azərbaycanın öz yüklərinin maneəsiz Naxçıvana çatdırılması məsələsini bir daha qaldırmaq, onun tez bir zamanda həllinə nail olmaq üçün gündəmdə saxlamasına əlavə imkanları yaranır. Və nəticədə Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı tələblərini gücləndirmiş olur. Bütövükdə yolların açılması bir tərəfdən Orta dəhlizin imkanlarının genişləndirilməsi məqsədini daşıyır, digər tərəfdən, Zəngəzur dəhlizinin tezliklə açılmasını və nəhayət, regionda təhlükəsizlik, iqtisadi inkişaf üçün əlavə stimullar yaradır”.
Q.Əlibəyli Ermənistanın Azərbaycanla sülh müqaviləsinin bağlanmasını və bir çox hallarda götürdüyü öhtəlikləri müxtəlif bəhanələrlə uzadıldığını vurğulayaraq, bu məsələnin müxtəlif riskləri ehtia etdiyini qeyd edib.
“Ermənisan rəhbərliyinin siyasi fəaliyyətini nəzərə alsaq, bu, özündə müəyyən riskləri də ehtiva eir. Çünki indiyə qədər istər sülh müqaviləsinin imzalanmasında, istər sərhədlərin delimitasiyası məsələsində Ermənistan rəhbərliyi ardıcıl mövqe tutmur. Ermənistan rəhbərliyi hesab edə bilər ki, yolların açılması onların əlini gücləndirə bilər. Düşünə bilərlər ki, Azərbaycanın tələblərini gələcəkdə icra etməyə də bilərlər. Amma bu risk son nəticədə yenə də Ermənistanın özünün əleyhinə işləyəcək. Azərbaycan həmin o yolları təzədən nəzarət altına almaq, yolları təzədən bağlamaq imkanna malikdir”- Q.Əlibəyli deyib.
Siyasi şərhçi bütün hallarda, yəni bütün risklərə baxmayaraq yolların açılmasını böyük əhəmiyyətə malik hesab edib və gec-tez Ermənistan rəhbərliyinin də bunu dərk edəcəyini bildirib.