AZ

Otuz il sonra İrəvana enən Azərbaycan təyyarəsi, etimad quruculuğu: Sülh prosesinə vətəndaş dəstəyi – TƏHLİL

Oktyabrın 21-22-də İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı avqustun 8-də Vaşinqtonda baş tutmuş görüşdən sonra formalaşan sülh gündəliyinin icrası, iki ölkə cəmiyyətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar, eləcə də Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub. Tərəflər, həmçinin, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

İrəvana ilk uçuş – sülh dövrünün simvolu

Səfərə dair təəssüratlarını APA ilə bölüşən Politoloq Fərhad Məmmədov bildirib ki, təxminən otuz ildən sonra ilk dəfə Azərbaycan Hava Yollarına məxsus təyyarənin İrəvana eniş etməsi, sadəcə, texniki və ya diplomatik addım deyil, regionda formalaşan yeni reallığın simvoludur.

Bu səfərin ən əlamətdar məqamlarından biri ondan ibarət idi ki, təxminən otuz ildən sonra ilk dəfə Azərbaycan Hava Yollarına məxsus təyyarə Ermənistan paytaxtında eniş etdi. Bu hadisə səfərə xüsusi simvolik məna qatdı, eyni zamanda, ikitərəfli münasibətlərdə yeni mərhələnin başlandığını göstərdi. Hesab edirəm ki, məhz bu səfər çərçivəsində həyata keçirilən həmin uçuş da tarixi əhəmiyyət daşıyan hadisələrdən biridir. Vaşinqton görüşündən sonra hər iki tərəf bəyan edib ki, sülh dövrü başlayıb. Azərbaycan Prezidenti də bu barədə dəfələrlə çıxışlarında vurğulayıb. Artıq hökumətlərin bəyanatlarında və qəbul etdikləri qərarlarda sülh dövrünə uyğun addımlar atıldığını müşahidə edirik. Tərəflər bir-birinə qarşı vaxtilə qəbul edilmiş bəzi qərarlardan imtina etməyə başlayıblar. Məsələn, Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanata əsasən, Ermənistana gedən yüklərin Azərbaycan ərazisindən tranzitinə qoyulan qadağa aradan qaldırılıb. Bu qərar Ermənistanda müsbət qarşılanıb”, - deyə o, bildirib.

Vasitəçilərsiz dialoq - regionda sülhün yeni mərhələsi

Hazırda Azərbaycan və Ermənistan arasında dövlət və hökumət strukturları səviyyəsində müxtəlif dialoq platformaları fəaliyyət göstərir. Bu prosesin mühüm tərkib hissəsi kimi vətəndaş cəmiyyətlərinin birbaşa iştirakı da diqqət mərkəzindədir. İctimai nümayəndələrin vasitəçilərsiz bir araya gəlməsi qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində atılmış konkret addım olmaqla, regionda sülh quruculuğunun davamlı və qarşılıqlı anlayışa əsaslanan mərhələsinə keçidin simvolu hesab edilir.

Ümumiyyətlə, iki ölkə arasında təmasların birbaşa aparılması çox əhəmiyyətlidir. Ortada uzun illər ərzində vasitəçilərin nizamlanma prosesinə heç bir töhfə verməməsi kimi acı bir təcrübə var. Müxtəlif dairələr bu sahədə təşəbbüsü illər boyu öz əlində saxlayıb, öz iradəsini diqtə edib.

Bu səbəbdən bütün vasitəçilərin, o cümlədən Qərb institutlarının bu prosesdən kənarda saxlanılması alqışlanmalıdır. Artıq Azərbaycan və Ermənistan heç bir kənar müdaxilə olmadan etimad quruculuğu prosesini həyata keçirir.

Bu kontekstdə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşləri də sülh gündəliyinin irəliləməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sahibə

Sözügedən təmaslar iki ölkə arasında dialoqun artıq yalnız hökumətlər və diplomatik kanallarla deyil, həm də parlament səviyyəsində aparıldığını göstərir. Görüşlərdə cəmiyyətlərin yaxınlaşması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və birgəyaşayış mədəniyyətinin formalaşdırılması əsas müzakirə mövzularından olub. Parlament diplomatiyasının fəallaşması həm siyasi, həm də ictimai səviyyədə sülh prosesinə dəstək verir, qarşılıqlı etimadın bərpasına xidmət edir.

Bu görüşlər, eyni zamanda, əlaqələrin davamlı institusional mexanizmə çevrilməsi və humanitar-sosial əməkdaşlığın genişlənməsi üçün real platforma yaradır, sülh prosesinin sabit xarakter almasına təkan verir.

Tərəflər arasında etimad yaradılmasına vətəndaş cəmiyyətlərinin də üzərinə böyük vəzifə düşür. Nəzərə alınmalıdır ki, bu, hələ başlanğıcdır, qarşıda hər iki xalqı uzun proses gözləyir.

Tərəflər arasında uzun illər münaqişə olub, böyük bir nəsil müharibə şəraitində yaşayıb. Bu baxımdan cəmiyyətlərin sülhə hazırlanması və vətəndaşlar arasında ünsiyyətin qurulması ilə etimad mühitinin möhkəmləndirilməsi uzun və çətin prosesdir.

Fərhad Məmmədov bu təmasları etimad quruculuğu baxımından əhəmiyyətli hesab edir.

Hazırda Azərbaycan və Ermənistan arasında dövlət başçıları, xarici işlər nazirləri, administrasiyalar, xüsusi xidmət orqanları, baş nazir müavinləri səviyyəsində bir sıra dialoq platformaları fəaliyyət göstərir. Bu kontekstdə vətəndaş cəmiyyəti nümayəndələrinin də prosesə qoşulması nəzərdən keçirilib. Biz də öz tərəfimizdən bu istiqamətdə töhfə verməyə hazır olduğumuzu bildirmiş və müvafiq təşəbbüslə çıxış etmişik. Nəticədə, hökumətlər bu təşəbbüsü dəstəklədi və onun reallaşmasına şərait yaratdı. Əlbəttə, cəmiyyətlərarası iş sülh quruculuğunun ən çətin və uzunmüddətli mərhələsidir, lakin onu başlamaq da vacib idi. Görüşün iştirakçıları - həm azərbaycanlı, həm də erməni tərəfdən olan nümayəndələr bir-birini əvvəldən tanıyırdılar. Bu tanışlıq beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə və sülhyaratma ilə bağlı xarici QHT-lərin layihələrində formalaşmışdı. Lakin bu görüşün fərqli cəhəti ondan ibarət idi ki, həm təşkilatçılıq, həm də iştirak tamamilə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri tərəfindən həyata keçirilmişdi. Yəni bu görüş vasitəçilərsiz, sırf ikitərəfli formatda baş tutdu. Əgər hökumətlər münasibətləri vasitəçilərsiz dialoq yolu ilə qurmağı prioritet hesab edirsə, vətəndaş cəmiyyəti də bu istiqamətdə öz fəaliyyətini məhz bu formatda davam etdirir”, - deyə politoloq əlavə edib.

Ermənistanda revanşist ritorika, sülh gündəliyinə müqavimət

Revanşist

Ermənistanda revanşist meyllərin yenidən fəallaşması ölkənin daxili sabitliyinə və regional sülh prosesinə ciddi təhdid yaradır. Bu meyllərin arxasında Koçaryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi “Qarabağ klanı”, Rusiyadakı erməni əsilli oliqarxlar, diaspor və kilsə dayanır. Onlar köhnə nifrət ritorikasını dirildərək Ermənistanı yenidən təcrid vəziyyətinə qaytarmağa çalışırlar. Halbuki bu gün Ermənistan cəmiyyətinin əsas məqsədi müharibə deyil, sosial rifahın və iqtisadi inkişafın təmin edilməsi olmalıdır.

Politoloq Ermənistanda hələ də revanşist düşüncələrlə hərəkət edən, sülh gündəliyinə və Azərbaycanla normallaşma prosesinə qarşı çıxan siyasi və ictimai qüvvələr mövcudluğuna diqqət çəkib. Onun sözlərinə görə, bu qruplar, hələ də cəmiyyətdə köhnə münaqişə ritorikasını qorumağa və regionda sabitliyin bərqərar olmasına mane olmağa çalışırlar:Lakin onlar hazırda marginal mövqedədirlər. Gələn ilin iyun ayında keçiriləcək parlament seçkiləri göstərəcək ki, hansı siyasi qüvvələr Azərbaycanla münasibətlərə necə yanaşır və Ermənistan cəmiyyəti hansı istiqaməti dəstəkləyəcək? Bu da sülh gündəliyinin reallaşmasının həm Ermənistan, həm də region üçün faydalı olduğunu təsdiqləyəcək. Bu dövr ərzində qəbul ediləcək qərarlar da göstərəcək ki, sülh gündəliyinin reallaşması həm Ermənistan, həm də region üçün faydalıdır. Hazırda proseslərin tempi olduqca yüksəkdir. Hökumət başçıları, spikerlər, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər intensiv şəkildə keçirilir. Sülh gündəliyi üzrə işlər fəal şəkildə irəliləyir. Bu da göstərir ki, hər iki hökumət Vaşinqton görüşündən sonra sülh prosesinə dəstək verməkdə qərarlı, bu məqsədlə həm siyasi iradə, həm də resurs sərf etməyə hazırdır”.

Seçilən
64
apa.az

1Mənbələr