AZ

İsrail ordusu atəşkəsə baxmayaraq Livanın Bəkaa bölgəsini bombalayıb

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrail ordusu, atəşkəs rejiminə baxmayaraq Livanın cənubundakı Bəkaa bölgəsində bir neçə nöqtəyə hava hücumları həyata keçirib.

TurkicWorld xəbər verir ki, Livan mediasında yayılan xəbərlərdə bildirilib ki, hava zərbələri Bəkaa bölgəsinin dağlıq ərazilərindəki bir neçə hədəfi vurub. Hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik rəsmi açıqlama verilməyib.

Sosial mediada paylaşılan videolarda hava hücumlarından sonra bölgədə çoxsaylı nöqtələrdən qalxan tüstü buludları əks olunub.

İsrail ordusu yayımladığı yazılı açıqlamada hücumu təsdiqləyib və “Hizbullahın təlim düşərgəsi və dəqiq raket istehsalı infrastrukturu”nun vurulduğunu iddia edib.

Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabrında Livana qarşı hücumlara başlamış, 2024-cü ilin sentyabrında bu toqquşmalar genişmiqyaslı müharibəyə çevrilmişdi. Müharibə nəticəsində 4 mindən çox insan həyatını itirib, təxminən 17 min nəfər yaralanıb.

2024-cü ilin noyabrında İsrail və Hizbullah arasında atəşkəs razılaşması əldə olunsa da, İsrailin bu razılaşmanı 4 min 500-dən çox dəfə pozduğu, bu pozuntular zamanı yüzlərlə mülki şəxsin öldüyü və yaralandığı bildirilir.

Hazırda İsrail, son müharibə zamanı ələ keçirdiyi 5 Livan təpəsini işğal altında saxlayır və onilliklərdir nəzarətində olan bəzi bölgələrdə hərbi varlığını davam etdirir.

Seçilən
69
turkic.world

1Mənbələr