Azərbaycan və Ermənistan arasında etimad quruculuğunun yeni mərhələsi başlayıb
Natiq Miri: “Azərbaycanın qərarı revanşist qüvvələrin ittihamlarını zərərsizləşdirdi”
Azərbaycan və Ermənistan arasında etimad quruculuğu prosesinin yeni mərhələsi İrəvanda vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən görüşlə başlayıb. Bu görüş iki ölkə arasında yalnız siyasi dialoqun deyil, həm də ictimaiyyət səviyyəsində sülh və qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir. Bakı ilə İrəvan arasında ilk çarter reysinin həyata keçirilməsi, parlament rəhbərlərinin görüşləri və uzunmüddətli etimad tədbirlərinin planlaşdırılması iki xalqın sülh şəraitində birgə yaşaması üçün zəmin yaradır. Eyni zamanda, bu prosesdə Qərb institutlarının kənarda qalması, Azərbaycan və Ermənistanın hər hansı xarici təsirsiz öz iradələri ilə irəliləmələri regional əməkdaşlıq və dayanıqlı sülh üçün yeni imkanlar açır.
Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında Azərbaycan Prezidentinin Qazaxıstana səfəri çərçivəsində Ermənistana tranzit yükləri ilə bağlı məhdudiyyətlərin tam aradan qaldırıldığını bəyan etməsinin, 8 avqust Vaşinqton razılaşmalarının sadəcə kağız üzərində deyil, praktik olaraq həyata keçirildiyini bilavasitə göstərdiyini söyləyib:

"Eyni zamanda Azərbaycan Prezidenti bu sənədlər imzalanandan sonra bəyan etdi ki, artıq Azərbaycan və Ermənistan arasında sülh mühiti mövcuddur. Bu, açıqlamanın sadəcə bir söz olmadığını və konkret praktik nəticələr doğurduğunu ortalığa qoydu. Eyni zamanda bu Ermənistanda Nikol Paşinyan hökumətinə qarşı müxalifətdə olan bütün revanşist qüvvələrin bəzi ittihamlarını da qeyri-iradə olaraq zərərsizləşdirir. Çünki revanşist qüvvələr iddia edir ki, Azərbaycan Ermənistanla yekun sülh müqaviləsi imzalamaq istəmir, bundan sonra təziq vasitəsilə daha ağır şərtlər ortaya qoyacaq. Bu da onunla əlaqədardır ki, Ermənistanın yerinə yetirə bilmədiyi ağır şərtlərdən sonra Azərbaycan yekun sülh müqaviləsini imzalamamaq üçün bəhanə tapacaq. Həmin ittiham avtomatik olaraq əridi, zərərsizləşdirildi və eyni zamanda Nikol Paşinyanın mövqeylərini cəmiyyətdə sülhlə bağlı gücləndirdi. Nikol Paşinyandan dərhal adekvat reaksiyanı gördük. O, Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi. Bu, Nikol Paşinyanın atdğı doğru bir addım oldu, çünki təşəkkür hissinin əksi nankorluq olardı. Bu, qarşılıqlı etimadı bir az da artıracaq, lakin bir tərəfli olmalı deyil. Azərbaycan Prezidentinin qərarı həm də Ermənistan rəhbərliyinə verilən mesajdır".
Ekspert Azərbaycanın sülh yönündə konkret praktik addımlar atdığı halda, eyni şeyi Ermənistanın da etməli olduğunu vurğulayıb:
"İrəvan yekun sülh müqaviləsini yaxınlaşdıracaq yeganə şərti konstitusiyadan ərazi iddiasını aradan qaldırmalıdır. Azərbaycanın gözləntisi bu yöndədir, düşünürəm ki, bu, çox müsbət hadisədir, sülhün yaxında olduğunu göstərir. Eyni zamanda sözügedən addım Nikol Paşinyanın cəmiyyətdə mövqeylərini gücləndirir ki, bu da 2026 parlament seçkilərində ona qalib gəlmək üçün çox ciddi impuls və stimul olacaq. Çünki növbədənkənar 2021-ci il parlament seçkilərində sülh vədi kontekstində qalibiyyət mümkün oldu. Hökumət qurmaq mandatını xalq sülh vədinə görə Nikol Paşinyana vermişdi. Bu da deməkdir ki, Nikol Paşinyan sülh vədini yerinə yetirmiş olacaq. Bu da regionda perspektivdə sülhün bərqarar olması və Cənubi Qafqazın bir sistem olaraq fəaliyyət göstərə bilmə imkanlarının yolunu açır. Buna görə də həm bu transitlə bağlı məhdudiyyətlərin aradan qaldırılma qərarı, həm də Ermənistanın buna müsbət jestlə qarşılıq verməsi, təşəkkür hissini ortalığa qoyması hadisəsinin hər ikisi müsbət hadlır və sülhə töhfə olaraq qiymətləndirilir".