Əli Mustafa: “Bundan sonra Avroittifaq səmimi olmaq zorundadır”
Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh prosesindəki son hadisələrə qətiyyətli dəstəyini ifadə edib. Bunu Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib.
“Azərbaycan və Ermənistan arasındakı sülh prosesi istiqamətində atılmış son nikbin addımlar silsiləsindən, o cümlədən Azərbaycanın Ermənistan üçün Azərbaycandan malların tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasını elan etməsindən çox ilhamlandım”, - deyə Qrono rəsmi “X” səhifəsində yazıb.
O, Avropa İttifaqının belə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu vurğulayıb: “Avropa İttifaqı bu praktiki addımları səmimi qarşılayır və oxşar bütün təşəbbüsləri, eləcə də etimadın möhkəmləndirilməsi üçün əlavə tədbirləri dəstəkləməyə hazırdır”.
Göründüyü kimi, Avropa İttifaqı Ermənistan üçün Azərbaycandan malların tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin qərarını dəstəklədi. Aİ rəsmisi bildirdi ki, atılan addımları səmimi qarsalayırlar. Yəni səmimi şəkildə bunu dəstəkləyirlər. Burada Aİ-nin səmimiyyətinə nə dərəcədə inanmaq olar?
“Anlaşılan odur ki, Ermənistan Avropa üçün çox əzizdir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, bundan sonra Avroittifaq səmimi olmaq zorundadır: “Ona görə ki, Azərbaycan regionda yeni siyasi reallıqlar yaradıb və Aİ-nin bununla hesablaşmaqdan başqa alternativi yoxdur. Azərbaycanla Ermənistan arasında münasibətlərin getdikcə yumşalması, əlaqələrin yaranması regionda situasiyanı müsbətə doğru dəyişir. Xüsusilə, Ermənistana Azərbaycan üzərindən malların getməsinə icazənin verilməsi dünyanın diqqət mərkəzindədir. Bu baxımdan Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Maqdalena Qronun məsələyə belə reaksiya verməsi anlaşılandır. Ən azından ona görə ki, Brüssel Ermənistanın Rusiyadan uzaqlaşmasında və Aİ ilə yaxınlaşmasında maraqlıdır. Yəni Ermənistanın Aİ-yə inteqrasiyası ilə bağlı əllərindən gələni edirlər. Bu məqsədlə Ermənistana müəyyən maliyyə yardımı, güzəştlər edilir. Hətta Ermənistanla Aİ arasında vizasız gediş-gəliş müzakirə mövzusudur. Belə bir şəraitdə Azərbaycanın Qazaxıstandan yüklərin Ermənistana getməsinə razılıq verməsi, əlbəttə, onların işini də müəyyən qədər asanlaşdırır. Həmçinin Ermənistanın Rusiyadan, İrandan asılılığını azaldır. Yəni Ermənistanın əlavə tranzit və logistika imkanları əldə etməsi Avropanın da siyasi, geopolitik maraqlarına uyğundur. Aİ-nin bunu alqışlaması həm də bundan irəli gəlir. Hər halda, Avroittifaq bu məsələdə səmimidir. Çünki başqa optimal variant yoxdur. Tərsinə olsaydı bəlkə də belə olmazdı. Yəni Ermənistanın Azərbaycan üçün belə şərait yaratmasına bəlkə də onlar belə əhəmiyyət verməzdilər. Çünki anlaşılan odur ki, Ermənistan Avropa üçün çox əzizdir. Xristian dövləti olaraq onun Qafqazdakı mövcudluğu onlar üçün olduqca önəmlidir. O üzdən, Azərbaycanın jestlərini bu baxımdan alqışlayırlar. Hesab edirlər ki, bu addımlar Ermənistanın xeyrinədir. Onu da nəzərə almaq lazımdır ki, Cənubi Qafqazla bağlı Aİ-nin maraqları var. Yalnız Ermənistanı deyil, perspektivdə Gürcüstan və Azərbaycanı da Aİ-də görmək istəyirlər. O baxımdan son baş verənlər həm onların geopolitik, həm də siyasi-iqtisadi maraqlarına uyğundur”.
Vidadi ORDAHALLI