Böyük Britaniya polisi Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən üç nəfərin həbs edildiyini açıqlayıb.
NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, saxlanılanların 48, 45 və 44 yaşları var. Onlar Londonun qərbində və mərkəzində yerləşən ünvanlarda həbs ediliblər.
Polisdən bildirilib ki, hazırda bu ünvanlarda, eləcə də başqa yerdə axtarış aparılır. İstintaqa terrorla mübarizə üzrə bölmə rəhbərlik edir.
“Biz xarici kəşfiyyat xidmətlərinin qondarma “maklerlər”i işə götürməsi hallarının artdığını görürük və bu həbslər bizim bu cür fəaliyyəti pozmaq səylərimizlə birbaşa bağlıdır”, – London Antiteror İdarəsinin rəhbəri Dominik Merfi deyib.
Həbs 2023-cü ildə qəbul edilmiş və casusluqda şübhəli bilinən şəxsləri mühakimə etmək imkanlarını genişləndirən Milli Təhlükəsizlik Qanunu çərçivəsində baş verib.
Xatirə SADİQ