Abutalıb Səmədov: “O, Azərbaycan Prezidentinin dediklərini çoxdan qəbul etsə də, əsas çətinlik onda idi ki, Paşinyan bu layihəni reallaşdırmağa cəsarət etmirdi”
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda keçirilən V “İpək Yolu” konfransı zamanı deyib ki, Ermənistan öz ərazisi ilə Türkiyədən Azərbaycana və əks istiqamətə yük avtomobillərinin tranzitini təmin etməyə hazırdır.
“Biz təkcə siyasi deyil, həm də texniki baxımdan - sözün əsl mənasında bu gündən etibarən, heç bir mübaliğəsiz - Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük avtomobillərinin Ermənistan Respublikası ərazisi vasitəsilə tranzitini təmin etməyə hazırıq. Həm yollar, həm də Ermənistan ərazisindəki sərhəd infrastrukturu bunun üçün hazırdır”-deyə Ermənistanın baş naziri bildirib.
Paşinyan əlavə edib ki, siyasi baxımdan da Ermənistan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında öz ərazisi vasitəsilə tranziti təmin etməyə hazırdır: “Lakin texniki baxımdan bu istiqamət üzrə hələlik Naxçıvan ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəmir yolu xəttinin təmiri və ya yenidən qurulması tələb olunur. Mən əminəm - siz də buna əmin ola bilərsiniz - bu texniki məsələlər qarşıdakı iki-üç il ərzində həllini tapacaq”.
N.Paşinyan qeyd edib ki, Ermənistan ərazisindən boru kəmərləri və Azərbaycan-Ermənistan-Türkiyə elektrik xətləri çəkiləcək. “Artıq qeyd etdiyim kimi, dəmir yolu və avtomobil yolları da qurulacaq. Bütün bunlar TRIPP proqramı çərçivəsində müzakirə olunur. Biz Türkiyə və Azərbaycanla da müvafiq danışıqlar aparırıq. Biz də bu razılaşmaların həyata keçirilməsi üçün ABŞ-la işləyirik. Bütün bunların həyata keçirilməsinin ən mühüm şərti Vaşinqton sammiti nəticəsində Ermənistanla Azərbaycan arasında yaradılmış sülhdür. Biz hazırda Azərbaycanla bu sülhü institutsionallaşdırmaq üçün çalışırıq. Biz Vaşinqtonda paraflanmış Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası üzərində işləyirik. Paralel olaraq bütün nəqliyyat əlaqələri mərhələli şəkildə açılacaq ki, bu da regionumuza tarixi dəyişikliklər gətirəcək. Bölgəmizdə nəqliyyat layihələrinin bir-biri ilə rəqabət apardığına dair bəzi ifadələrlə tanışam. Mən bu fikirlə qətiyyən razı deyiləm, regionumuzdakı nəqliyyat marşrutları bir-birini tamamlayır, Cənubi Qafqazın tranzit potensialını artırır. Vaşinqton Bəyannaməsinin üçüncü bəndində deyilir ki, Fars körfəzi-Qara dəniz dəmir yolu da açılacaq və bu, təkcə Ermənistanın deyil, həm də Gürcüstanın və Azərbaycanın potensialını artıracaq. Ermənistanla Türkiyə arasında dialoq, Ermənistanla Azərbaycan arasında yaradılmış sülh, TRİPP layihəsi, Gürcüstan və İranın region ölkələri ilə mehriban qonşuluq münasibətləri Cənubi Qafqazı Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində ən cəlbedici tranzit marşrutuna çevirəcək. Bu o deməkdir ki, regionumuzdakı bütün ölkələrin infrastrukturu, bu artan axınları idarə etmək üçün kifayət qədər olmasa da, həddindən artıq yüklənəcək. Hazırda Cənubi Qafqaza yönəlmiş böyük beynəlxalq maraq bizim - Ermənistan, Gürcüstan və Azərbaycanı nəzərdə tuturam - regionumuzun inkişafını və sabitliyini təmin etmək üçün ağılla istifadə etməli olduğumuz kapitaldır. Nəhayət, Cənubi Qafqazda təkcə sülhü deyil, həm də rifahı və inkişafı təmin etmək üçün tarixi imkanımız var. Axı sülh, firavanlıq və inkişaf ticarət yüklərinin, boru kəmərlərinin və elektrik xətlərinin daimi yoldaşlarıdır və əksinə. Kommersiya yükləri, boru kəmərləri və elektrik xətləri sülh və rifahın daimi yoldaşlarıdır. Bölgəmizə sülh gəldi, yük dövriyyəsini artırmaq, boru kəmərlərini və elektrik xətlərini genişləndirmək, Cənubi Qafqazda firavanlığı və inkişafı təmin etmək qalır. Bu, sülhü daha da möhkəmləndirəcək və bu da öz növbəsində Ermənistan, Gürcüstan və Azərbaycan üçün rifahın və inkişafın həcmini və sürətini artıracaq. İnanıram ki, bizim üç Cənubi Qafqaz ölkəsinin liderləri təkcə fərdi olaraq deyil, həm də təbii ki, digər qonşularımız və beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində birgə işləmək üçün kifayət qədər iradə və müdrikliyə malikik”, - Paşinyan əlavə edib.
N.Paşinyan İlham Əliyevin plan və təkliflərini tam qəbul etdi və açıqladı ki,yaxın 2-3 ildə Zəngəzur dəhlizdə Ermənistan ərazisində dəmiryolu, avtomobil, boru kəməri və elektrik xətti çəkiləcək. İlham Əliyev bunu neçə il idi deyirdi və artıq Paşinyan da bunu qəbul edib.
“Azərbaycan Prezidentinin illər öncə söylədiklərini təkrar edir, Zəngəzur dəhlizinin bölgəyə sülh və əməkdaşlıq gətirəcəyini...”
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov məsələ ilə əlaqədar "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ermənistanın baş naziri Azərbaycan Prezidentinin bu istiqamətdə fikirlərini əslində çoxdan qəbul edib: “Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasının həm Ermənistana, həm Azərbaycana, həm də digər ölkələrə verəcəyi üstünlüklər barədə Prezident İlham Əliyevin söylədiklərini uzun müddətdir qəbul edib. Dəfələrlə Ermənistanın müxtəlif regionlarında əhali ilə görüşərkən bu dəhlizin açılmasının Ermənistana verəcəyi üstünlüklərdən danışıb. İzah edib ki, Ermənistanın hamıdan çox buna ehtiyacı var və bu dəhliz açılarsa Ermənistan iqtisadi cəhətdən daha da inkişaf edəcək, bölgələrdə inkişaf gedəcək, bütövlükdə regiona sülh və əməkdaşlıq gələcək.
O, Azərbaycan Prezidentinin dediklərini çoxdan qəbul etsə də, ancaq əsas çətinlik onda idi ki, Paşinyan bu layihəni reallaşdırmağa cəsarət etmirdi. Müəyyən mənada da istəmirdi. Çünki 10 noyabr 2020-ci il bəyanatına görə Zəngəzur dəhlizinə Rusiya sərhədçiləri nəzarət etməli idi. Təbiidir ki, Paşinyan onun belə olmasını istəmirdi. Digər tərəfdən, İranın Zəngəzur dəhlizinin açılmaması ilə bağlı atdığı addımlar, verdiyi bəyanatlar Paşinyanı çıxılmaz vəziyyətə salmışdı. Çünki İran Ermənistan üçün çox vacib dövlətdir, Ermənistana son illər çox yardım edib və onlara qarşı getmək, təbiidir ki, Paşinyana müəyyən problemlər yarada bilərdi. İran isə qəti şəkildə deyirdi ki, Zəngəzur dəhlizi açılmamalıdır, İranın ərazisindən keçib Naxçıvana getmək, yaxud əks istiqamətdə hərəkət etmək mümkündür, yüklər bu marşrutla daşına bilər, Zəngəzur dəhlizinin açılması İranın dövlət maraqlarına xidmət etmir. Bu səbəbdən Paşinyan uzun müddət Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir iş görə bilmədi, ortaya “Sülh kəsişməsi” deyilən layihə çıxardı ki, bəlkə bu layihənin nəticəsində bölgədə nəqliyyat kommunikasiyalarını açmaq mümkün olar, ancaq bunu da reallaşdırmağa gücü çatmadı. Yalnız avqustun 8-də Vaşinqtonda imzalanan memorandumdan sonra Paşinyan arxasında kifayət qədər böyük güc hiss etdi, söhbət ABŞ-dan gedir, bundan sonra Zəngəzur dəhlizinin, yaxud Tramp marşrutunun açılması istiqamətində addımlar atmağa başladı. İki-üç il müddətinə 43kilometr yolda həm dəmir, həm də avtomobil yolunun salınacağını deyir, eyni zamanda digər məsələlərin də həll olunacağını bildirir. Təbiidir ki, bura investisiyalar cəlb olunmalıdır, Ermənistanın bu qədər işi təkbaşına görmək imkanı yoxdur, ancaq əsas məsələ odur ki, ABŞ və onun prezidenti bu yolun açılmasına hər cür dəstək verməyə hazır olduğunu bildirir. Bəyanatlardan o tərəfə keçmək mümkün olacaqmı? Tramp həqiqətən də bu yolun qısa müddətdə açılması üçün zəruri addımlar atacaqmı? Bütün bu sualların cavabını yəqin ki, yaxın zamanlarda vermək mümkün olacaq. Hələlik ilk addımlar atılıb və Paşinyan artıq açıq şəkildə Azərbaycan Prezidentinin illər öncə söylədiklərini təkrar edir, Zəngəzur dəhlizinin bölgəyə sülh və əməkdaşlıq gətirəcəyini, beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəsini artıracağını, bunun Ermənistana çox böyük xeyir verəcəyini deyir, qısa müddətdə bu marşurtun açılmasının zəruriliyindən danışır”.
A.Səmədovun sözlərinə görə, Zəngəzur dəhlizi həm Orta Dəhlizin daha səmərəli olmasını, burda daha çox yüklərin daşınmasını təmin edəcək, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində daşınan yüklərin həcmini xeyli artıracaq. A.Səmədovun fikrincə, çünki İran ərazisində Rəşt-Astara arasında olan hissədə dəmir yolunun hələ də salınmaması, təbiidir ki, yüklərin həcminin ciddi şəkildə azalmasına gətirib çıxarır. A.Səmədov hesab edir ki, Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın da bu dəhlizə - Şimal-Cənub nəqliyyat dəhlizinə daha aktiv şəkildə qoşulmasına imkan verəcək: “Eyni zamanda, Naxçıvandan İrana gedəcək yolla Şimal-Cənub nəqliyyat dəhlizində daşınan yüklərin həcmini xeyli artırmaq mümkün olsun. Amma bir reallıq da var ki, bunun üçün Paşinyan mütləq parlament seçkilərini udmalıdır. Rusiyayönümlü qüvvələr açıq şəkildə Paşinyana qarşı birləşiblər. Söhbət erməni kilsəsindən, sahibkarların bir hissəsindən (çünki böyük maliyyə imkanlarına malikdirlər-A.S) və az-çox nüfuzu olan siyasətçilətdən gedir.
Hələlik yalnız Robert Köçəryan bu blokda birləşməyə hazır olduğunu deyib, Sarkisyan hələ götür-qoy edir. Ancaq çox güman ki, o da bu bloka qoşulacaq və bütün Rusiyayönümlü qüvvələr parlament seçkilərini udmaq üçün əllərindən gələni edəcəklər. Bu seçkilərdə Paşinyanın qələbə qazanması vacibdir. Çünki onun uduzması Tramp marşrutunun reallaşmasının qarşısının alınması, sülh sazişinin imzalanmasının xeyli ləngiməsi, yeni konstutsiyanın qəbulu məsələsinin illərlə uzanması və təbiidir ki, bölgədə sülhə, əməkdaşlığa ciddi zərbə vurulması demək olardı. Bu səbəbdən həm Türkiyə, həm Qərb ölkələri seçkilərdə qalib gəlməsi üçün Paşinyana mümkün dəstəyi göstərməlidirlər. Bu istiqamətdə Ermənistana tranzit yüklərinin Azərbaycan vasitəsi ilə daşınmasına icazə verilməsi çox mühüm addım sayılmalıdır. Bu cür vacib addımlar bundan sonra da atılmalıdır ki, Paşinyanın mövqeyi möhkəmlənsin, seçkilərdə qalib gəlsin və nəzərdə tutulan, planlaşdırılan addımları ata bilsin”-deyə A.Səmədov bildirdi.
İradə SARIYEVA