AZ

İsrail və İlon Mask Azərbaycanda kosmik peyk zavodu tikəcək - yeri, layihəsi artıq hazırdır...


Vüqar Bayramov: “Azərbaycan kosmos sənayesinin inkişafını daha da genişləndirir”

“Azərbaycan tezliklə peyklərin istehsalına başlayacaq”. Bunu “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidələrimizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə deyib.

O qeyd edib ki, bu istiqamətdə artıq konkret addımlar atılıb: "Bizim tədqiqat və inkişaf komandamız, çətin siyasi vəziyyətə baxmayaraq, son il yarım ərzində "Azersky-2" peyk istehsalı layihəsi çərçivəsində İsraildə intensiv təlimlər keçir. Peyk istehsalı müəssisəsi və istehsalat işçiləri üçün qurğuların daxil olacağı Kosmik Gəmilərin İnkişafı Mərkəzinin layihələndirmə və mühəndislik işləri başa çatıb. Mərkəzin yeri artıq seçilib və yaxın aylarda tikintiyə başlayacağıq. Biz peykimiz üçün buraxılış vasitəsi kimi SpaceX-i seçmişik”.

Məlumat üçün deyək ki, İlon Mask SpaceX-in banisidir, onun CEO-su, texniki direktoru və baş mühəndisidir. Şirkət kosmik daşımaları daha sərfəli etmək məqsədilə 2002-ci ildə yaradılıb.

“SpaceX bu sahədə daha çox təcrübəsi olan qurumlardan biridir, əməkdaşlığın gücləndirilməsi imkan verəcək ki, Azərbaycan daha çox ölkələrə kosmos xidməti təqdim edə bilsin”

Belə məlum olur ki, Azərbaycan İsrail və İlon Maskla birlikdə sputnik istehsalına başlayır. Həmin sputnikləri orbitə SpaceX şirkəti buraxacaq. Bu əməkdaşlığın əhəmiyyəti haqqında danışan millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan kosmos sənayesinin inkişafını daha da genişləndirir: “Bu sahədə ölkəmiz bir çox beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. Əməkdaşlığın güclənməsi nəticəsində SpaceX şirkəti ilə işbirliyinə başlamışıq. Məlum əməkdaşlıq olduqca mühum və vacibdir. SpaceX bu sahədə daha çox təcrübəsi olan qurumlardan biridir. Əməkdaşlığın gücləndirilməsi imkan verəcək ki, Azərbaycan daha çox ölkələrə kosmos xidməti təqdim edə bilsin. Nəzərə çatdırım ki, bu xidmətə tələbatın artması qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir. Əməkdaşlığın artması kosmos sənayesindən əldə edilən gəlirin artmasına səbəb olacaq.Bu da dövlət gəlirinin artmasına səbəb olacaq”.

Günel CƏLİLOVA

Seçilən
91
baki-xeber.com

1Mənbələr