Çanpen Çjaoya qarşı ittihamlar ləğv ediib
ABŞ Prezidenti Donald Tramp dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-in qurucusu və keçmiş baş direktoru Çanpen Çjaonu rəsmi şəkildə bağışlayıb.
Poliqon xəbər verir ki, bu barədə Wall Street Journal nəşri məlumat yayıb.
Çjao, Çin əsilli Kanada vətəndaşıdır və kriptovalyuta sahəsində tanınmış simalardan biridir. O, 2023-cü ilin noyabrında ABŞ-da pul yuma ittihamlarını qəbul etdikdən sonra Binance CEO vəzifəsindən istefa vermişdi. 2024-cü ilin aprelində isə dörd aylıq həbs cəzasına məhkum olunmuş və həmin cəzanı sentyabr ayına qədər çəkmişdi.
Məlumata görə, Trampın bu qərarı bir neçə ay davam edən lobbiçilik səylərindən sonra verilib. Bildirilir ki, Çjao Tramp ailəsinin kriptovalyuta sahəsindəki biznes təşəbbüslərinə dəstək göstərib və bu, onun bağışlanmasında mühüm rol oynayıb.
Trampın bu addımı ABŞ-da kriptovalyuta sektoruna münasibətdə yeni siyasi yanaşmanın göstəricisi kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, bu bağışlanma həm Binance-in reputasiyasına müsbət təsir göstərə bilər, həm də Trampın texnoloji və maliyyə dairələrdəki dəstəyini gücləndirə bilər.
Qeyd edək ki, Çjao – kripto dünyasında “CZ” ləqəbi ilə tanınır – Binance platformasını 2017-ci ildə təsis edib və qısa müddətdə onu qlobal liderə çevirib. Onun rəhbərliyi altında Binance milyardlarla dollarlıq əməliyyatlara imza atıb və milyonlarla istifadəçiyə xidmət göstərib.
Poliqon.info