AZ

“Konstitusiya və Suverenlik İli”ndə cəmiyyətdə həmrəylik…


Müstəqil Azərbaycanın dövlət idarəçiliyi sistemində hüquqi dövlət quruculuğu əsas strateji istiqamətlərdən biri kimi formalaşıb.1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri demokratik və hüquqi dövlətin bərqərar olunması idi.

Hüquqi dövlət anlayışı, ilk növbədə, insan hüquq və azadlıqlarının qorunmasına, qanunun aliliyinə və dövlət hakimiyyətinin məhdudlaşdırılmasına əsaslanır. Hüquqi dövlət dedikdə, bütün dövlət hakimiyyəti orqanlarının, vəzifəli şəxslərin və vətəndaşların qanun qarşısında bərabərliyi, qanunun ali qüvvəyə malik olması və hüquqi məsuliyyətin təmin olunması nəzərdə tutulur. Belə bir dövlət modelində insan və vətəndaş hüquqları dövlətin əsas dəyəri kimi qəbul edilir.

Azərbaycanın dövlətçilik ənənələrinin daha da möhkəmlənməsinə xidmət edən addımlar

Ölkımizdə bu ilin “Konstitusiya və Suverenlik İli” olması da Azərbaycanın hüquqi dövlət quruculuğuna böyük diqqətinin daha bir təzahürüdür. Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Cari ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü münasibətilə çoxsaylı tədbirlər keçirilir.

Məlumdur ki, tarixi zəfər sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi, yəni burada təsbit edilmiş hüquq və azadlıqlar işğaldan azad olunmuş bütün torpaqlarımızda tam şəkildə bərqərar edilib.Bu,Azərbaycan xalqının dövlət suverenliyinin qorunması uğrunda apardığı mübarizənin və gələcəyə olan əzminin təcəssümüdür. “Konstitusiya və Suverenlik İli” sadəcə bir yubiley tədbiri deyil .Bu, Azərbaycan xalqının dövlətçiliyə, hüquqa və milli suverenliyə verdiyi dəyərin ifadəsidir. Bu ilin çərçivəsində həyata keçirilən tədbirlər həm keçmişi xatırlamağa, həm də gələcəyə hüquqi əsaslarla baxmağa imkan verir. Bu təşəbbüs milli həmrəyliyin, hüquqi düşüncənin və demokratik dəyərlərin gücləndirilməsi baxımından mühüm bir mərhələdir. Azərbaycanın hüquqi və siyasi inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu il ərzində atılan addımlar təkcə cari dövr üçün deyil, həm də gələcək nəsillər üçün möhkəm hüquqi baza formalaşdıracaq. Eyni zamanda cəmiyyətin hüquqi maarifləndirilməsi üçün mühüm fürsətdir. Hüquqi maarifləndirmə tədbirləri, ictimai müzakirələr və təbliğat kampaniyaları vasitəsilə hüquq mədəniyyətinin inkişafı təmin olunur. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Postmüharibə dövründə Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma işləri, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və iqtisadi inteqrasiya layihələri suveren dövlət anlayışının real təcəssümü olub. Heç şübhəsiz ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər cəmiyyətimizdə həmrəyliyi daha da artıracaq, yeni hüquqi, iqtisadi prioritetlərin dəqiqləşdirilməsi, konstitusion dəyərlərin yeni qlobal çağırışlar əsasında realizəsinin təmin edilməsi baxımından faydalı olacaqdır. Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır.Elə bu fonda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda konfrans keçirilib. Komitə sədri Azər Əmiraslanov ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, bu siyasətin siyasi müstəqilliklə iqtisadi müstəqilliyin vəhdətindən ibarət olduğunu qeyd edib.

QHT-lərin, media qurumlarının və ictimai birliklərin fəaliyyəti hüquqi islahatların sosial əsasını təşkil edir

Azərbaycan məhkəmə sistemində müstəqillik və şəffaflığın təmin olunması hüquqi dövlətin əsas tələblərindəndir. 2000-ci illərdən etibarən bu sahədə mühüm addımlar atılıb.Yeni Məhkəmə-Hüquq Şurasının yaradılması, hakimlərin seçilməsi və fəaliyyətinə dair şəffaf mexanizmlərin tətbiqi, məhkəmələrin maddi-texniki bazasının gücləndirilməsi bu prosesin mühüm tərkib hissəsidir.

Elektron məhkəmə sistemi və “ASAN xidmət” kimi innovativ təşəbbüslər hüquqi xidmətlərin əlçatanlığını artırmış, vətəndaşların hüquqlarının daha səmərəli müdafiəsinə şərait yaradıb. Bunlar fonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin birgə təşkilatçılığı ilə akademiyanın inzibati binasında “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” mövzusunda tədbir xüsusi diqqət cəlb edir.

Binəqədi Rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova vurğulayıb ki, hazırda ölkəmiz müstəqillik tarixinin ən yüksək inkişaf dövrünü yaşayır: “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”. O daqeyd edilib ki, müasir dünyanın demokratik inkişafının başlıca meyarlarından birini insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması vəziyyəti təşkil edir. Bu hüquq və azadlıqlar bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə vətəndaş cəmiyyətinin əsas prioriteti olub.

Diqqətə çatdırılıb ki, Azərbaycanda demokratik hüquqi dövlət prinsiplərinin təşəkkül tapdığı və gücləndiyi müasir şəraitdə vətəndaşların hüquqi müdafiə təminatlarının gücləndirilməsinin mühüm hüquqi mexanizmi olaraq insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin rolu güclənib, məhkəmə hakimiyyətinin səlahiyyətləri və təsir sferası genişləndirilib, onun fəaliyyətində qanunçuluğun realizə və möhkəmləndirilmə metodları təkmilləşdirilib.

Xüsusi olaraq bildirilib ki, müasir dövrdə müstəqil məhkəmə hakimiyyətinin təşkilati-hüquqi əsaslarının yaradılması sahəsində ölkəmizdə böyük nailiyyətlər əldə edilib. Hüquqi dövlətin möhkəmlənməsi üçün vətəndaş cəmiyyətinin fəal rolu mühüm əhəmiyyət daşıyır. Azərbaycanda QHT-lərin, media qurumlarının və ictimai birliklərin fəaliyyəti hüquqi islahatların sosial əsasını təşkil edir. Dövlət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı əməkdaşlıq mexanizmləri formalaşıb, ictimai nəzarət institutları inkişaf etdirilib. Azərbaycanda hüquqi dövlətin qurulması istiqamətində əhəmiyyətli nəticələr əldə olunsa da, bu proses davamlı xarakter daşıyır. Gələcəkdə əsas məqsədlərdən biri məhkəmə sistemində tam müstəqilliyin təmin olunması, qanunvericiliyin beynəlxalq standartlara daha sıx uyğunlaşdırılması və insan hüquqlarının müdafiə mexanizmlərinin genişləndirilməsidir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
77
baki-xeber.com

1Mənbələr