"25 oktyabr 2020-ci ildə Qubadlının işğaldan azad edilməsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu tarixi gün təkcə hərbi qələbə kimi deyil, həm də azad edilmiş torpaqlarda bərpa və yenidənqurma proseslərinin başlanğıcı kimi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə həyata keçirilən sistemli, məqsədyönlü layihələr Qubadlını yeni inkişaf mərhələsinə çıxarır. 2023-cü ildə Prezidentin sərəncamı ilə 25 oktyabr "Qubadlı şəhəri günü" kimi təsdiq olundu. Bu qərar həm tarixi yaddaşın bərpası, həm də Qubadlının yenidən doğuluşunun rəsmi təsdiqi oldu".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.
O, açıqlamasında qeyd edib ki, bu gün Qubadlıda həyata keçirilən layihələr Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi inkişafını təmin edən əsas istiqamətlərdən biridir:
"İşğaldan əvvəl Qubadlı rayonunun iqtisadiyyatı kənd təsərrüfatı, heyvandarlıq və tütünçülük üzərində qurulmuşdu. Bərəkətli torpaqları, bol su ehtiyatları və təbii sərvətləri ilə seçilən bu diyar Azərbaycanın kənd təsərrüfatı xəritəsində mühüm yer tuturdu. Lakin 27 illik işğal dövründə rayon tamamilə dağıdıldı – 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, yüzlərlə sosial obyekt, mədəniyyət və dini abidələr yerlə yeksan edildi. 2020-ci ildə qələbədən dərhal sonra dövlət tərəfindən Qubadlının bərpası istiqamətində genişmiqyaslı tədbirlər planı hazırlanmağa başladı. İlk növbədə, təhlükəsizliyin təmin edilməsi, minalardan təmizləmə və infrastrukturun bərpası prioritet elan edildi. 2021-ci il oktyabrın 25-də 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyası istifadəyə verildi. Bununla Qubadlı Azərbaycanın ümumi enerji sisteminə qoşuldu. Eyni zamanda, Füzulidəki "Şükürbəyli" yarımstansiyasından Qubadlıya qədər 76 kilometr məsafədə yeni yüksəkgərginlikli elektrik verilişi xətti çəkildi. Bu xəttlə bərabər, müasir fiberoptik internet kabeli də quraşdırıldı. Bu, həm enerjinin, həm də yüksək sürətli internetin təmin olunması baxımından mühüm addım idi. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2025-ci il 9 sentyabrda təsdiqlənmiş "Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan" rayonda yeni dövrün başlanğıcını müəyyən etdi. Bu sənəd Qubadlının gələcək 15 il ərzində müasir şəhər modelinə çevrilməsini, 47 mindən çox əhalinin burada məskunlaşmasını və regionun iqtisadi mərkəzlərindən birinə çevrilməsini nəzərdə tutur. Hazırda Mahruzlu və Zilanlı kəndlərində intensiv yenidənqurma işləri aparılır. Mahruzlu kəndində 190 fərdi evin tikintisi, 836 nəfərin ilkin mərhələdə məskunlaşdırılması planlaşdırılır. Zilanlı kəndində isə 159 ev inşa olunur və 772 sakin bu mərhələdə yurduna qayıdacaq. Gələcəkdə bu kənddə 2520 nəfərin yaşaması nəzərdə tutulur. Bu layihələr "Böyük Qayıdış" proqramının tərkib hissəsidir və vətəndaşların doğma torpaqlara mərhələli şəkildə köçürülməsi dövlət siyasətinin əsas prioritetidir. Eyni zamanda, 2021-ci ildə Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postu yaradıldı. Bu, azad edilmiş ərazilərdə iqtisadi dövriyyənin təmin olunması, gömrük nəzarətinin bərpası və qanunsuz ticarətin qarşısının alınması baxımından mühüm hadisədir. Qubadlı rayonunun inkişafını təmin edəcək əsas infrastruktur layihələrindən biri də Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yollarıdır. 28,5 kilometrlik Qubadlı–Eyvazlı avtomobil yolu 2023-cü ildən etibarən inşa edilir. Prezident İlham Əliyevin 5 sentyabr 2023-cü il tarixli Sərəncamına əsasən, yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılmışdır. Bu yollar gələcəkdə Şərqi Zəngəzurun logistika və iqtisadi mərkəzinə çevriləcək Qubadlının inkişafında strateji rol oynayacaq. Rayonun enerji təminatının dayanıqlığı və gələcək artan tələbatın ödənilməsi məqsədilə 2040-cı ilədək elektrik gücünün 38 MVt-dan artıq olması proqnozlaşdırılır. Bu, həm sənaye, həm də kənd təsərrüfatı obyektlərinin fəaliyyətini təmin edəcək".
Deputat onu da vurğuladı ki, Qubadlıda həyata keçirilən layihələr təkcə infrastrukturun deyil, həm də insan həyatının, sosial mühitin bərpasına yönəlib:
"Bu torpaqlarda müasir məktəblər, xəstəxanalar, idman və mədəniyyət mərkəzləri inşa edilir. Şəhərin yeni memarlıq siması müasirliklə milli üslubun vəhdətini əks etdirir. Qubadlının dirçəlişi Prezident İlham Əliyevin azad edilmiş ərazilərlə bağlı siyasətinin real nəticəsidir. Dövlət başçısının Qubadlıda keçirdiyi görüşlər, imzaladığı sərəncamlar və yerində verdiyi tapşırıqlar bu rayonun gələcək inkişafına strateji istiqamət verir. Bu gün Qubadlı yalnız azad olunmuş şəhər deyil – o, həm də yenidən doğulan, gələcəyə inamla baxan bir Azərbaycan şəhəridir. Burada aparılan quruculuq işləri xalqımızın gücünü, dövlətimizin planlı siyasətini və milli birliyimizin təntənəsini nümayiş etdirir. 25 oktyabr – Qubadlı şəhəri günü artıq təkcə tarixi qələbə xatirəsi deyil, həm də yeni həyatın başlanğıcını simvolizə edir. Qubadlı dirçəlir, yenilənir və müasir Azərbaycanın inkişaf ritminə qovuşur. Bu torpaqda azadlığın nəfəsi, quruculuğun səsi, gələcəyin nuru var".
Vüsalə İbrahimli