AZ

Azərbaycan Ermənistan iqtisadiyyatının da strukturunu dəyişməyə başladı...


Azərbaycan hakimiyyətinin ölkə ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarı sayəsində İrəvan iqtisadi blokadadan çıxacaq. Bu da ölkədə iqtisadi strukturda dəyişikliklərə səbəb olacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O qeyd edib ki, Azərbaycanın öz ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmaqla bağlı qərarı sayəsində Ermənistanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hər cür şans var: “Tezliklə iqtisadiyyatımızın strukturunda əsaslı dəyişikliklər baş verəcək... Azərbaycan Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin götürüldüyünü bəyan etdi. Bu, Vaşinqton Bəyannaməsi və əldə olunan razılaşmaların sadəcə bəyannamədən daha çox olduğunu nümayiş etdirən çox mühüm qərardır”. Ermənistan lideri bütün neqativ halların daim müzakirə olunduğu, müsbət halların isə ictimaiyyət tərəfindən diqqətdən kənarda qalmasından çaşdığını bildirib. “Ermənistan dağılır” deyənlər var” deyən Paşinyan misal çəkərək, bu insanların Ermənistanı sadəcə başa düşmədiyini qeyd edib: “Ölkədə bu düsturla yaşayan bütün qurumlar, təşkilatlar, siyasi fəlsəfələr var. Onların bütün qarşılıqlı fəaliyyət forması, fəaliyyət obyekti Ermənistanın parçalanmasıdır; əks halda onların fəaliyyət göstərməsi üçün heç bir imkan yoxdur”. O, Azərbaycanın Ermənistana qoyduğu məhdudiyyətləri aradan qaldırmasının artıq bir neçə gündür ölkədə müzakirə olunduğuna diqqət çəkib. O, Tiflsdə “İpək yolu” beynəlxalq konfransında Azərbaycan prezidenti İlham Əliyevin bu qərarına görə minnətdarlığını ifadə etdiyini və onu yüksək qiymətləndirdiyini xatırladıb.

Baş nazir bu addımın çox önəmli olduğunu qeyd edib. Paşinyan Vaşinqtonda verilən bəyanatların və əldə olunan razılaşmaların, sadəcə, söz olmadığını, konkret nəticələr verdiyini vurğulayıb. Avrasiya üzrə macar ekspert Attila Harqitai bildirir ki, Azərbaycan Cənubi Qafqazda yeni mərhələ açır: “Bu gün Azərbaycan regionun gələcəyi üçün öz məsuliyyətini dərk edən dövlət nümunəsini nümayiş etdirir. Tranzit məhdudiyyətlərinin götürülməsi zəiflik deyil, güc və inamın təzahürüdür. Bu cür qərarlar ölkənin beynəlxalq nüfuzunu gücləndirir, qonşular arasında münasibətlər üçün yeni format yaradır”. Ekspertin fikrincə, belə addımlar Azərbaycanın davamlı inkişafa və qarşılıqlı faydalı əməkdaşlığa yönəlmiş regional siyasətin konstruktiv iştirakçısı imicini formalaşdırır: “Qazaxıstandan Ermənistana Azərbaycan üzərindən taxıl tranzitinin təsdiqlənməsi təkcə iqtisadi hadisə deyil, həm də strateji siqnaldır. Qlobal logistikanın böhran və fasilələrlə üzləşdiyi bir vaxtda yeni marşrutların açılması ərzaq təhlükəsizliyinə və iqtisadi dayanıqlığa mühüm töhfə kimi qəbul edilir”. Daha bir macar ekspert Attila Çarnai vurğulayıb: “Azərbaycan bu gün güclü dövlətlərin timsalında davranır - problem yaratmaqdansa, həll yolları təklif edir. Bakı tranzitə icazə verməklə, nəinki sülhməramlı imicini gücləndirir, həm də Xəzər və Avropa arasında mühüm logistika habına çevrilir. Uzunmüddətli perspektivdə bu, ölkənin Avrasiya nəqliyyat sistemində rolunu gücləndirəcək”.

Macar ekspert əlavə edib ki, ölkələr arasında iqtisadi qarşılıqlı asılılıq həmişə sülhə kömək edir. “Xalqlar arasında tankların hərəkət etdiyi yollar deyil, taxıl daşıyan marşrutlar açılanda gələcəyə ümid yaranır. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması qərarı Azərbaycanın regional sabitliyin möhkəmləndirilməsinə dair daha geniş kursuna uyğun gəlir. Son illərdə ölkə açıq kommunikasiyaları, nəqliyyat dəhlizlərini və iqtisadi əməkdaşlığı fəal şəkildə təşviq edir və bunları davamlı sülhün təməli kimi görür”. Avropa İttifaqının xarici siyasət üzrə eksperti Andraş Qeryö prezident İlham Əliyevin təşəbbüsünü “siyasi müdriklik aktı” adlandırıb: “Diplomatiyada real sülh bəyanatlarla deyil, hərəkətlərlə ölçülür. Azərbaycan çoxlarının cəsarət etmədiyi bir iş görür: baryerlər qoymaq yerinə qapıları açır. Bu, regionun psixologiyasını dəyişən addımdır”. O vurğulayıb ki, bu cür qərarlar onilliklər boyu davam edən qarşıdurmadan sonra xüsusilə qiymətli resurs olan etimad mühitini formalaşdırır: “Azərbaycan ərazisindən keçməklə Ermənistana çatan ilk yük – Qazaxıstan taxılı təkcə iqtisadi əməkdaşlığın nümunəsi deyil, həm də humanitar rəmzə çevrilib. Qlobal ərzaq təhlükəsizliyi çağırışları fonunda belə bir addım məsuliyyət və həmrəylik əlaməti kimi qəbul edilir”. Beləliklə, prezident İlham Əliyevin Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırmaq üzrə atdığı addım epizod deyil, bir strategiyadır. Bu, regionun gələcəyinin yalnız etimad və əməkdaşlıqla mümkün olduğu anlayışına əsaslanan bir siyasətdir. Bakı qəbul edir ki, davamlı sülhü diplomatik protokollar deyil, məhz infrastruktur təmin edir: relslər və enerji xətləri daha güclü bağ yaradır. Bakı üçün bu təkcə iqtisadi layihə deyil, həm də siyasi mesajdır: Azərbaycan keçmiş düşməni tərəfdaşa çevirən sistem qurmağa hazırdır. İrəvan üçün isə bu, beynəlxalq investorların etimadını bərpa etmək imkanıdır. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Gümrü–Qars və Yerasx–Velidağ yollarının bərpası, Ermənistanın Qara dəniz enerji kabelinə qoşulma perspektivi - bunlar Cənubi Qafqazın yeni arxitekturasının elementləridir.

Ramil QULİYEV

Seçilən
34
baki-xeber.com

1Mənbələr