Gürcüstanın baş naziri İrakli Kobaxidze sələfi İrakli Qaribaşvilinin qanunsuz gəlir əldə etdiyini etiraf etməsinə münasibət bildirməyəcək, o, jurnalistlərin sorğusuna cavab verib.
“Mən bu mövzu ilə bağlı şərh verməyəcəyəm” – İrakli Kobaxidze deyib.
Gürcüstanın baş nazirinin sözlərinə görə, əgər məsələyə “insani nöqteyi-nəzərdən” qiymət verilərsə, vəziyyəti təəssüfdən başqa bir şey kimi qələmə vermək olmaz. Kobaxidze “insan münasibətlərinin” vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, şərh verməyə hazır deyil.
O, hökumətin yaranmış vəziyyətə münasibəti ilə bağlı məlumat axtaran media nümayəndələrinə müvafiq orqanlarla əlaqə saxlamağı tövsiyə edib.
Qeyd edək ki, Qaribaşvili ilə bağlı vəziyyət dünən Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Emzar Qaqnidzenin sabiq baş nazirin qanunsuz gəlir əldə etdiyini etiraf etməsi ilə bağlı məlum olub. Onun sözlərinə görə, hazırda müstəntiqlər Qaribaşvilinin etiraf etdiyi cinayətlərin necə təsnif ediləcəyini və onun barəsində hansı həbs-qətimkan tədbirinin seçiləcəyini müəyyənləşdirirlər.
Bir neçə gün ərzində qərarın veriləcəyi gözlənilir.
Bu arada sabiq baş nazirin vəkili Lili Gelaşvili bildirib ki, müvəkkilinə qarşı hələlik ittiham irəli sürülməyib və o, şahid qismində dindirilib.
Bundan əvvəl Gürcüstanın bir neçə keçmiş yüksək vəzifəli məmurunun (ümumilikdə 10-dan çox) və onların qohumlarının evlərində axtarış aparılıb. Polis Qaribaşvilinin evinə də baş çəkib. Burada ümumilikdə 11 milyon dollardan çox pul, o cümlədən 200-ə yaxın bahalı əşya və saat ələ keçirilib.
Qeyd edək ki, İrakli Qaribaşvili iki dəfə baş nazir vəzifəsində çalışıb: 2013-cü ilin noyabrından 2015-ci ilin dekabrına qədər, sonra isə 2021-ci ilin fevralından 2024-cü ilin fevralına qədər.
//Samir Qurbanov, Editor.az