BAKI, 24 oktyabr. TELEQRAF
Avropa İttifaqının Ukrayna ilə bağlı bəyanatı sammitdə yekdilliklə qəbul edilməyib. Sənədi 27 üzv dövlətdən yalnız 26-sı dəstəkləyib, buna görə bəyanatın mətni sammitin yekun deklarasiyasına daxil edilməyib.
Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Aİ sammitinin yekun sənədində qeyd olunur.
“Avropa Şurası Ukraynadakı son hadisələri müzakirə etdi. Bəyanatı 26 üzv ölkənin liderləri birmənalı şəkildə dəstəklədi. Aİ sammiti bu məsələni dekabrın ortalarında baş tutacaq növbəti görüşdə yenidən müzakirə edəcək”, – sənəddə bildirilir.
Macarıstanın baş naziri Viktor Orban isə sammitdə Ukrayna məsələsinin müzakirəsində ümumiyyətlə iştirak etməyib. O, Brüsselə gec çatıb və həmin vaxt Budapeştdə tərəfdarlarının “Sülh yürüşü” adlı mitinqində çıxış edib.