AZ

Aİ Rusiya vəsaitlərinin Ukrayna üçün istifadəsi ilə bağlı minimal kompromis əldə edib

Berlin, 24 oktyabr, AZƏRTAC

Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçıları Rusiyanın aktivlərinin Ukraynaya maliyyə dəstəyi üçün istifadəsi ilə bağlı ilkin razılaşma əldə ediblər.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, payız sammitində Avropa Komissiyasına mümkün variantları araşdırmaq həvalə olunub.

Yekun bəyanatda bu vəsaitlərin Rusiyanın müharibə illə vurduğu zərəri kompensasiya edənədək dondurulmuş qalacağı qeyd olunub. Komissiyanın təklifləri dekabrın 18-dək təqdim ediləcək.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, Rusiyanın vəsaitlərindən Ukraynaya təzminat kreditləri ayırmaq üçün həll olunmalı məsələlər müəyyənləşdirilib. Belçika ciddi hüquqi narahatlıqlarını ifadə edib və maliyyə risklərinin üzv ölkələr tərəfindən bölüşdürülməsinin vacibliyini vurğulayıb. Digər Aİ dövlətləri də Belçikanın ehtiyatlı mövqeyinə dəstək göstərib. Almaniya Kansleri Fridrix Merts sammiti ciddi və məqsədyönlü müzakirə kimi qiymətləndirib.

Sammitin Ukrayna ilə bağlı bəyanatı 26 üzv dövlət tərəfindən dəstəklənib, Macarıstan isə iştirak etməyib.

Qeyd edək ki, U.Lyayen sentyabrda Rusiya Mərkəzi Bankının Belçikada dondurulmuş təxminən 140 milyard avroluq vəsaitinin Ukraynaya kreditlər üçün istifadə olunmasını təklif etmişdi. Rusiyanın həmin vəsaitlərə yalnız Ukraynaya təzminat ödədikdən sonra çıxışı olması nəzərdə tutulurdu. Almaniyanın Rusiyada böyük investisiyaları olduğundan planlaşdırılan vəsaitin istifadəsinin risklər yaradacağına dair işgüzar dairələrdə narahatlıq var.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
148
azertag.az

1Mənbələr