İlham ƏLİYEV: "İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik"
Oktyabrın 24-də cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyən istiqamətlərində döyüş fəaliyyətlərini davam etdiriblər.
Düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib
Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib.
Tərtər, Bərdə, Goranboy və Naftalan atəşə tutulub
Tərtər və Bərdə rayonlarının ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutulub. Xeyli sayda yaşayış evinə ciddi ziyan dəyib.
Düşmən Goranboy və Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur.
Qubadlı istiqamətində düşmənin döyüş təyyarəsi məhv edilib
Gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.
Düşmənin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsi məhv edilib
Saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankını, 2 sığınacağını və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.
Azərbaycan HHQ düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edib.
İlham ƏLİYEV: "Biz bu gün dayanmağa hazırıq..."
Prezident İlham Əliyev Fransanın "Figaro" qəzetinə müsahibə verib. Æurnalistin ilk sualından məqsədi bəlli olub. Fransalı müxbirin "Nəyə görə siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?" sualına cavabında Prezident deyib ki, Azərbaycan Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməyib, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçib: "Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olub".
Prezident üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üç hərbi təxribat törədildiyini söyləyərək işğalçının əsl məqsədini açıqlayıb və qeyd edib ki, Azərbaycan onlara yalnız adekvat cavab verib: "Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik".
Müharibənin hansı şərtlərlə dayandırılmasına gəlincə isə İlham Əliyev deyib: "Biz bu gün dayanmağa hazırıq. Mən bunu oktyabrın 10-dan - Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bəri deyirdim. Biz danışıqlar masasına keçmək istəyirik. Lakin əfsuslar olsun ki, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və Gəncəyə hücum etdi. Oktyabrın 17-də onlar növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra onu pozdular. Ona görə də əgər onlar bu gün dayansalar, biz dayanarıq və qalan işlər diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik".
Ermənistanın növbəti təxribat cəhdi
Azərbaycan Ordusunun bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb. Belə ki, Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini gizli atəşə tutub.
Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.
Ağdərədə düşmənin PUA-sı məhv edilib
Saat 15:25 radələrində Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirib.
Azərbaycan hərbi komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək, onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmasını tövsiyə edib.
Eyni zamanda Azərbaycanın hərbi komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək, silahı yerə qoymağı və təslim olmağı təklif edib.
Erməni hərbçilər əsir götürülüb
Günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd göstərib.
Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər olub.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"