AZ

Vuçiç: Putin və Tramp yeni dünya arxitekturası qurmaq istəyirlər...

Serbiya prezidenti hesab edir ki, iki liderin məqsədi Qərbdən asılı olmayan qlobal sistem formalaşdırmaqdır...

Poliqon xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın “yeni dünya düzəni” yaratmaq niyyətində olduqlarını bəyan edib. Onun sözlərinə görə, hər iki lider Avropa İttifaqına xüsusi bağlılıq hiss etmir və bu, onların siyasi planlarında da açıq şəkildə görünür.

Vuçiç Serbiya Radio və Televiziyasına (RTS) verdiyi müsahibədə bildirib ki, Avropa İttifaqı Moskva və Vaşinqton arasında mümkün görüşün qarşısını almağa çalışacaq. “Putin və Tramp yalnız Ukrayna məsələsi ilə məhdudlaşmır. Onlar daha geniş mənzərə qururlar: Arktika bölgəsi, Berinq boğazı vasitəsilə əlaqələr, nadir metalların və təbii sərvətlərin – neftin, qazın gələcək bölüşdürülməsi barədə də danışılır,” — deyə Vuçiç vurğulayıb.

Serbiya lideri əlavə edib ki, bu dialoq “böyük dövlətlərin maraqlarının yenidən bölüşdürülməsi” istiqamətində mühüm mərhələ ola bilər və dünyada yeni güc balansının formalaşmasına təsir göstərə bilər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Budapeştdə Vladimir Putinlə planlaşdırılan görüşü ləğv etdiyini açıqlamışdı. Tramp bildirmişdi ki, “sammitin hazırkı mərhələdə məqsədə çatması mümkün deyil”. Lakin Ağ Evin mətbuat katibi Kerolayn Levittin sözlərinə görə, Tramp gələcəkdə bu görüşün baş tutacağına ümid edir.

Poliqon.info

Seçilən
70
poliqon.info

1Mənbələr