AZ

9 ayda 2,56 milyard manat

Bu, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi üçün təkcə dövlət büdcəsindən ayrılan vəsaitdir

2020-ci ilin noyabrında əldə olunan tarixi qələbədən sonra Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlayıb. Bu proses regionun sosial, iqtisadi və ekoloji dirçəlişini təmin edən milli prioritetə çevrilib və illərlə viran qalmış, yerlə bir olmuş doğma yurda həyatın qayıdışını simvolizə edir.

İndi bu torpaqlarda həyat canlanır. Erməni separatçılarının dağıtdıqları şəhər və kəndlərdə yeniliyin ab-havası dolaşır. Hər tikilən ev, salınan yol bu torpaqlara ümid və sevinc gətirir. Azad edilmiş torpaqlarda  məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları bərpa olunur. Minlərlə insan doğma yurduna qayıtmaq üçün gün sayır, dövlət isə onların təhlükəsiz və rahat yaşayışı üçün bütün imkanlarını səfərbər edir. Bütün bu işlər sözlə deyil, real faktlarla təsdiq olunur. 

Təkcə bu ilin yanvar-sentyabr aylarında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına dövlət büdcəsindən 2 milyard 567,5 milyon manat xərclənib. Maliyyə Nazirliyinin məlumatına görə, həmin məbləğin 2 milyard 234,8 milyon manatı infrastruktura, 291,7 milyon manatı sosial layihələrə, 41 milyon manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib. Yalnız avtomobil yollarının layihələndirilməsi və tikintisinə 1 milyard 525,1 milyon manat ayrılıb.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda dağlar üzərində salınan kanat yolları bölgənin gözəlliyini dünyaya nümayiş etdirmək, azad torpaqlara turist axını gətirmək məqsədi daşıyır. Həmin layihələr sayəsində qonaqlar təbiətin qoynunda unudulmaz anlar yaşamaq, qədim tarix və mədəniyyətlə daha yaxından tanış olmaq imkanı əldə edəcək, bölgənin daha sürətli sosial-iqtisadi inkişafı təmin olunacaq. O üzdən təsadüfi deyil ki, Şuşa, Xankəndi və Laçında bu layihələrin reallaşdırılması üçün 6,6 milyon, digər zəruri işlər üçün isə 7,6 milyon manat ayrılıb. 

"Böyük Qayıdışa dair I Dövlət  Proqramı" çərçivəsində həyata keçirilən layihələr təkcə fiziki bərpa deyil, həm də mənəvi dirçəlişin təzahürüdür. Qarabağa və Şərqi Zəngəzura həyatın qayıdışı milli ruhun, birliyin və əzmin təntənəsidir. 30 il nəfəssiz qalan, həsrətdən çat verən torpaqlarda səpilən hər toxum, əkilən hər ağac bir ümid xəbəridir: biz doğma yurd yerlərindən bir daha ayrılmayacağıq, hər qarış torpağı  yenidən canlandıracağıq. Bu canlanma isə xalqımızın tarixindən gələn gücün və iradənin əyani sübutudur. Dövlətimizin dəstəyi ilə atılan bütün addımlar gələcək nəsillər üçün sağlam və firavan həyat vəd edir. Böyük layihələr yalnız daşı daş üstə qoymaq  üçün deyil ki?! O həm də itirilmiş ümidlərin qayıdışıdır.

Hər bir tikili, hər bir infrastruktur layihəsi azad edilmiş ərazilərin dirçəlişidir. Qarabağ və Şərqi Zəngəzur yalnız Azərbaycanın ərazi bütövlüyünün rəmzi deyil, həm də milli qürur və birliyin simvoludur. Biz birlikdə bu müqəddəs torpaqlarda yeni həyat qururuq. Bilirik ki, bu gün infrastruktur layihələrinə sərf olunan milyonlarla  manat  vəsait azad edilmiş ərazilərin enerji xətləri, su və qaz təchizatı ilə təmin olunmasına xidmət edir. Yenə faktlara müraciət edək: yeni yaşayış komplekslərinin tikintisinə 461,1 milyon, dəmir yolu xətlərinin tikintisinə 107,3 milyon, elektrik təchizatı işlərinə 48 milyon, su xətləri, kollektorlar və qurğularına 44,3 milyon, sənaye parkları və infrastruktura 27,7 milyon, geoloji kəşfiyyat işlərinə 7,1 milyon manat vəsait ayrılıb. Bu rəqəmlər sadəcə statistika deyil, Qarabağın və Şərqi Zəngəzurun gələcəyinə yönəlmiş böyük dövlət iradəsinin ifadəsi, gələcəyə qoyulmuş sərmayədir. İnfrastrukturun hərtərəfli bərpası bölgənin sosial-iqtisadi simasını dəyişir, yüz minlərlə insanın doğma yurdlarında təhlükəsiz və rahat yaşayışına zəmanət verir. 

Bərpa işlərinin ən mühüm istiqamətlərindən biri də "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqidir. Bu, müasir texnologiyaların, ekoloji təmiz enerjinin və dayanıqlı inkişaf prinsiplərinin bölgədə gerçəkləşdirilməsinə geniş imkan yaradır. Qarabağ günbəgün gələcəyin müasir, "yaşıl" və innovativ məkanına çevrilir. Bu layihələr çərçivəsində "ağıllı nəqliyyat" sistemlərinin tətbiqi, su və tullantı idarəetməsinin təkmilləşdirilməsi kimi sahələrdə qabaqcıl texnologiyalar tətbiq olunur. Bu da o deməkdir ki,  Qarabağ və Şərqi Zəngəzurda ekoloji cəhətdən təmiz və həyat keyfiyyəti yüksək olan yaşayış məkanları yaradılır.  "Ağıllı konsepsiya"ların tətbiqi bölgənin iqtisadi inkişafını sürətləndirir, yeni iş yerləri və innovasiya mərkəzlərinin yaranmasına şərait yaradır, doğma yurd yerlərinə qayıdan gənc mütəxəssislərə burada yaşamaq və çalışmaq üçün əlavə stimul verir.

Ərazilərin minalardan təmizlənməsi üçün ayrılan vəsait isə həyatın təhlükəsizliyini bərpa edir. Çünki tikinti və qayıdış ilk növbədə təhlükəsiz torpaq üzərində mümkündür. Bütün bunlar bir daha göstərir ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası təkcə fiziki yenidənqurma deyil, həm də milli ruhun dirçəlişi, qürurun və vətənə sevginin təntənəsidir.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
114
azerbaijan-news.az

1Mənbələr