AZ

İşıqlı xatirələrdə yaşayan Vətənin mərd oğlu

Həyatının ən gözəl çağlarında Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlərdə şücaət göstərən, sinəsini düşmən güllələrinə sipər edən oğullardan biri idi Taleh Mehdiyev. Adı mərdliyi, igidliyi, qorxmazlığı ilə doğma xalqının başını uca etmiş qəhrəmanların sırasında çəkilir.

O, anası Gülər Mehdiyevanın həm qəhrəmanı, həm də kiçik oğlu, sonbeşiyidir. "Taleh üç oğlumun ən kiçiyi, balacam idi", - deyir.

Sonbeşiyinin uşaqlıq illərindən danışdıqca səsinə gah fərəh, gah da qüssə çökür: "Taleh körpə olanda da onunla çox danışırdım... gözlərimin içinə elə baxırdı ki, sanki məni başa düşürdü. Qardaşları - Bahadur səkkiz, İsmayıl isə yeddi yaş Talehdən böyük idilər. Əlbəttə, bütün övladlar ata-ana üçün əzizdir. Bilmirəm, uşaqlarımın ən kiçiyi olduğuna görə idi, ya nə idisə onunla bir-birimizə çox bağlı idik. Biz təkcə ana-bala deyildik, yaxın sirdaş idik. Evdə də deyirdilər ki, ana-bala sizin sirriniz, sözünüz birdi. Elə bilirdim, ona bir şey olsa, mən yaşaya bilmərəm..." 

Taleh Musa oğlu  Mehdiyev 2001-ci il oktyabrın 28-də Bakı şəhərində dünyaya gəlib. 2008-ci ildə Sabunçu 170 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub.  2017-ci il həmin məktəbin 9-cu sinfini bitirib.

Anası danışır ki, Taleh uşaqlıqdan olduqca mehriban, ağıllı, dərrakəli, xeyirxah idi: "Ailəcanlı, ata-ana qədri bilən idi. Böyüklə böyük, kiçiklə kiçik idi. Taleh çox zəhmətkeş idi. Hərbi xidmətdən qabaq marketdə işləyirdi. O da artıq evə qazanc gətirirdi. Ata-anasına dayaq olmaq istəyirdi. Bir də əlindən gəldiyi, gücü yetdiyi qədər hamıya kömək etməyə çalışırdı. Böyümüşdü balam. Amma yenə hərdən uşaqlaşırdı. Hərbi xidmətə getməzdən əvvəl gördüm evin içində qardaşımın uşaqları ilə dava-dava oynayır. Gülə-gülə dedim ki, sən böyümüsən, bu gün, sabah əsgər gedəcəksən. Taleh uşaqlıqdan əsgər olmağa can atırdı. Deyirdi ki, ana, görəsən, mənə əsgər forması necə yaraşacaq?"

Talehin anası Gülər Bakının Kürdəxanı, atası Musa isə Ağdam rayonunun Çuxurməhlə kəndindəndir. Atası Birinci Qarabağ müharibəsində könüllü kimi ağır döyüşlərdə iştirak edib, yaralanıb. O, Birinci Qarabağ müharibəsinin ikinci qrup əlilidir. Taleh kiçik yaşlarından bilirdi ki, ata yurdu qəsbkar ermənilərin işğalına məruz qalıb. Atasının yalnız söhbətlərində deyil, gözlərində də Qarabağ həsrətini, düşməndən qisas almaq, torpaqlarımızı geri qaytarmaq arzusunu görmüşdü. Bəlkə də buna görə Taleh əsgər olmağı çox arzulayırdı...

Gülər Mehdiyeva koronavirus pandemiyasının yayıldığı, ciddi məhdudiyyətlər qoyulduğu vaxtlarda oğlunun həqiqi hərbi xidmətə getmək üçün hərbi komissarlıqdan çağırış gözlədiyini xatırlayır: "Taleh deyirdi ki, dostlarının hamısı hərbi xidmətdədir, tək o qalıb. 2020-ci ilin mayında mən işdən qayıdanda gördüm Talehin əlində çağırış vərəqi var. Hərbi xidmətə gedəcəyi günün səhəri son dəfə gördüm balamı. Yatmışdı. Yanında əyləşdim, saçlarına, üzünə sığal çəkdim. Gözlərini açıb gülümsədi. Soruşdu: "Nə olub, ana?" Dedim ki,  bir də Allah bilir səni nə vaxt belə oxşayacağam. "Qorxma, ana, gələcəyəm, məndən nigaran qalma, bir il altı ay nədir ki... gözünü yumub açınca vaxt keçəcək", - dedi. Ancaq oğlumu oxşayanda mənim ürəyimdə elə bir hiss vardı ki, sanki onu bir də görməyəcəyəm.

Taleh Mehdiyev 2020-ci il mayın 25-də həqiqi hərbi xidmətə yollanıb. Tərtər şəhərində "N" saylı hərbi hissədə xidmətdə olub. Anası göz yaşları içində söyləyir: "Taleh arzusuna çatdı. Ancaq mən onu heç əsgər formasında görmədim. COVID-19 pandemiyası yayıldığı üçün valideynlərlə görüşə icazə verilmirdi. Taleh cəmi üç ay əsgər oldu. Əsgərliyinin dördüncü ayında şəhid oldu". 

 Oğlu hərbi xidmətə getdiyi gündən özünə evdə yer tapa bilməyən Gülər ana 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlanması xəbərini eşitdikdən sonra rahatlığını tamamilə itirib. Nigaran ana həyəcanla cəbhədən gələn xəbərləri gözləyib.

"Talehlə son dəfə sentyabrın 15-də telefonla danışdım. Axırıncı dəfə oktyabrın 1-də zəng edəndə isə atası ilə danışıb, hamımızı xəbər alıb, salam söyləyib, mənimlə danışmaq istəyib. Atası deyib ki,  evdə deyil, sabah zəng elə, danışarsan. Taleh: "Dörd gün sizə zəng etməsəm, məni bu nömrədən axtararsınız", - deyəndə atası çox narahat olub. Talehə tapşırıb ki, özünü gözlə, sən mənim əsamsan. Evin balacası idi axı Taleh. Atası ona görə belə deyirdi. Taleh atasına ondan başqa iki oğlunun da olduğuna işarə edib: "Sənin məndən başqa iki əsan da var. Burda mənim kimi o qədər oğlanlar var ki, onlar necə, mən də elə"... Dörd gün ondan zəng gözlədik... Zəng gəlmədi. Oktyabrın 7-si səhərə yaxın yuxumda gördüm ki, Taleh gəlib, yataq otağının qapısı ağzında dayanıb məni çağırır. Yanına gedirəm, deyirəm ki,  nə yaxşı gəlmisən. "Gəldim ki, səni görüm, gedim...", - deyir. Xəbər alıram: "Hara gedirsən? Mən də səninlə gedirəm". Cavab verir ki, sən gəlmə, mən lazım olanda özüm gəlib səni görəcəyəm. Anam onda bir il idi vəfat etmişdi. O, Talehi çox istəyirdi. Gördüm anam da gəlib. Mənə: "Sən gəlmə, orda ona özüm baxacağam", - deyəndə etiraz etdim: "Yox, yox, gəlirəm", - dedim. Çıxıram, görürəm böyük bir xəstəxanadır. İçəri girirəm. Baxıram iki həkim dayanıb. Onlardan oğlumu xəbər alıram. Deyirlər ki, oğlunuzun ürəyi dayandı. Öz qışqırığıma yuxudan oyandım. Səhər saat 5 idi. Həyat yoldaşıma yuxumu danışmadım. Ancaq dedim ki, bəlkə zəng edəsən, Talehlə danışım?! Mənə çox erkən olduğunu söylədi: "İşə get, gələndə danışarıq", - dedi. Saat 7-də işə getdim. Axşam evə qayıdanda Talehin şəhid olduğu xəbərini eşitdim. Sonralar döyüş yoldaşları danışdılar ki, oktyabrın 7-də səhər saat 9-da döyüşə giriblər. Hələ də düşünürəm, o gün səhər zəng vursaydım, Talehlə danışa, səsini son dəfə eşidə bilərdim?" 

Taleh Musa oğlu Mehdiyev İkinci Qarabağ müharibəsi zamanı Tərtər-Ağdərə bölgəsində döyüşüb. Suqovuşanda gedən ağır döyüşlərdə iştirak edib. Vətənin şücaətli, mərd oğlu  2020-ci il oktyabrın 7-də şəhid olub. Cənazəsi oktyabrın 8-də Bakıya gətirilib. Ramana qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Taleh Musa oğlu Mehdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif edilib.

Ata yurdunu ziyarətə gedən şəhid atası Musa Mehdiyev Ağdamın Çuxurməhlə kəndində vurulmuş lövhədə qəhrəman şəhidlərin arasında oğlunun da şəklini görüb.

O oğullar ki, ata evinin işığını yandıracaqdılar, işğalçı Ermənistan silahlı qüvvələrini Qarabağ və Şərqi Zəngəzurdan birdəfəlik qovmaq, Azərbaycanın bütövlüyünü, suverenliyini təmin etmək, doğma xalqının gələcəyinin nurlu olması üçün canlarından keçdilər. Taleh Mehdiyev kimi oğullar Azərbaycan xalqının qəlbində, yaddaşında əbədi işıqlı xatirəyə döndülər.

Zöhrə FƏRƏCOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Seçilən
79
azerbaijan-news.az

1Mənbələr