Ötən hər gün bizi Vətən savaşında qazanılan Zəfərin 5-ci ildönümünə yaxınlaşdırır. Və bu günlər xalqımız həmin savaşda canlarından keçən şəhidləri anır, onların həyat və döyüş yollarına nəzər salır.
Yurdumuzun azadlığı uğrunda şəhid olan oğullarımızdan biri də zabit Yaşar Füzuli oğlu Sadıqovdur. Y.Sadıqov 10 avqust 1975-ci ildə Füzulinin Bala Bəhmənli kəndində dünyaya göz açıb. Kiçik yaşlarından hərbi sahəyə böyük maraq göstərib. Bu maraq 1991-ci ildə onu Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) aparıb. Yaşar dörd il bu ali hərbi təhsil ocağında oxuyub. Bu müddət ərzində hərbin sirlərinə və döyüş vərdişlərinə dərindən yiyələnib. Necə deyərlər, zəfərlər, qələbələr qazanmaq üçün zabit kimi özünü gələcək xidmətə hazırlayıb.
1993-cü il dekabr ayının son günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında "Horadiz əməliyyatı" adlanan əməliyyat başlananda Yaşar kursant idi, hərbi təhsil alırdı. O, çox çalışsa da, kursant taborunun komandirinə, məktəb rəisinə doğma rayonlarının düşmən işğalından azad edilməsi uğrunda könüllü olaraq döyüşlərə getmək üçün müraciət etsə də, müsbət cavab ala bilməyib. Bundan çox təəssüflənən Yaşarı 1994-cü il yanvar ayının ilk günlərində Füzuli və Cəbrayıl rayonları istiqamətində Horadiz qəsəbəsi də daxil olmaqla 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi xəbəri sevindirib. Amma bu uğurlu döyüşlərdə iştirak etmədiyinə görə çox təəssüflənib.
Hərbi təhsilini başa vurduqdan sonra Yaşar Sadıqov 1995-ci ildə gənc zabit kimi Azərbaycan Ordusunun sıralarında Naxçıvan Muxtar Respublikasında xidmətə başlayıb. Həmin günlər ordu quruculuğunda olduqca mühüm islahatlar həyata keçirilirdi. Yaşar da gənc zabit kimi uğurla aparılan bu quruculuq işlərində fəal iştirak edib. Buna görə də bacarığı və peşəkarlığı ilə taqım komandiri vəzifəsindən hərbi hissənin kəşfiyyat bölməsinin zabiti vəzifəsinədək yüksəlib. Nümunəvi xidməti ilə həmişə komandanlığın rəğbətini, tabeliyində olanların isə böyük sevgisini qazanıb.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda ilk döyüşə atılanlardan biri də zabit Yaşar Sadıqov olub. Müharibənin ilk günündə təcrübəli zabit döyüşə yollanacaq şəxsi heyəti təcili olaraq ətrafına toplayaraq onlarla dəyərli söhbətlər aparıb. Bildirib ki, İkinci Qarabağ müharibəsində biz torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoymalıyıq, cəsarətlə, igidliklə vuruşmalıyıq, nəyin bahasına olursa olsun, torpaqlarımızı düşmənlərdən təmizləməli, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməliyik.
Zabit Yaşar Sadıqov Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Təəssüflər olsun ki, onun döyüş yolu qısa olub. Amma bu qısa döyüş yolunda da gələcək nəsillərə nümunə olacaq böyük igidlik və qəhrəmanlıqlar göstərib. Onun rəhbərliyi altında düşmənin bir neçə strateji mövqeyi darmadağın edilib, neçə-neçə hərbi texnikası sıradan çıxarılıb. Lakin növbəti əməliyyatların birində igid zabit bir neçə cəsur silahdaşı ilə bərabər şəhid olub. Yaşar oktyabr ayının 2-də Murovdağ döyüşləri zamanı Ömər aşırımı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Uzun müddət onun nəşini döyüş meydanından çıxarmaq mümkün olmayıb. Nəhayət, 2021-ci il fevralın 26-da şəhidin döyüş bölgələrindən nəşi çıxarılaraq Bakıya gətirilib. Xocalı faciəsi qurbanlarının xatirəsinin ehtiramla qeyd olunduğu bir vaxtda İkinci Şəhidlər xiyabanında (indi - Hərbi Memorial Məzarlıq) son mənzilə yola salınıb.
Şəhidin iki övladı yadigar qalıb. Bu gün onlar atalarının qəhrəmanlığı ilə qürur duyurlar.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidlik və şücaətə görə zabit Yaşar Füzuli oğlu Sadıqov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin atası Füzuli Sadıqov həmişə oğlu ilə fəxr etdiyini, qürur duyduğunu bildirir. Deyir ki, üstündən illər keçsə də, Yaşarın ölümünə inanmır: "Elə bilirəm ki, oğlum yenə də döyüşdədir. Yenə də Murovdağın zirvəsində erməni işğalçıları ilə vuruşur, torpaqlarımızı yağılardan qoruyur. Getdiyi kimi günlərin birində də qayıdıb gələcək".
Xalqımız müstəqilliyi və suverenliyi uğrunda şəhid olan övladlarını heç vaxt unutmur, onların xatirəsini ehtiramla yad edir. Ailə üzvləri, doğmaları, döyüşçü yoldaşları Yaşar Sadıqovun məzarını tez-tez ziyarət edir, ruhuna dualar oxuyurlar.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"