Şirvan Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Xanmurad Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: 2024-cü il mayın 20-də saat 19 radələrində Masallı rayonu Yeddioymaq kəndi ərazisində 1971-ci il təvəllüdlü Seymur Alışanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla rayonun Qasımlı kənd sakini 1994-cü il təvəllüdlü Aslan Ağazadənin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla və bıçaqla xəsarətlər yetirərək həmkəndlisi Seymur Alışanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Aslan Ağazadə şübhəli şəxs qismində tutulub.
İttihama görə, Aslan Ağazadə hadisəni qısqanclıq zəminində törədib.
Hadisədən sonra cinayəti Aslanla birgə onun qohumu Xanmurad Hüseynovun da törədildiyi məlum olub. Daha sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Xanmuradın cinayət işi ayrıca icraata verilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətmiş şəxs təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin olunub. Masallı Rayon Məhkəməsinin qərarı ilə Aslan Ağazadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə, barəsində tətbiq edilmiş xüsusi tibb müəssisəsinə yerləşdirmə növündə təhlükəsizlik tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
Xanmurad Hüseynov isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov