İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğlu barəsində “casusluq” və “çıxar məqsədli cinayət təşkilatı yaratmaq” ittihamı ilə istintaq başladılıb.
Publika.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun məlumatına görə, araşdırma İBB-yə məxsus “İstanbul Senin” mobil tətbiqi vasitəsilə 4,7 milyon istifadəçiyə aid şəxsi və məkan məlumatlarının iki xarici ölkəyə ötürülməsi, 3,7 milyon nəfərin məlumatlarının isə “darkweb”də satışa çıxarılması iddiaları ilə bağlıdır.
Həmçinin istintaq zamanı “İBB Hanem” adlı alt-tətbiq vasitəsilə 11 milyon vətəndaşın səsvermə və seçki məntəqəsi məlumatlarının sistemdən kənarlaşdırıldığı müəyyən edilib.
Hadisə ilə bağlı ümumilikdə 15 nəfər barəsində həbs qərarı verilib.
İttiham çərçivəsində “Tele1” televiziya kanalının qurucusu və baş redaktoru Merdan Yanardağ, eləcə də İmamoğlunun müşaviri Necati Özkan saxlanılıb. Onlar ifadə vermək üçün prokurorluğa aparılıblar.